“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

Dekabrın 25-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Energetika Nazirliyinin rəhbərlik etdiyi "Elektrik təchizatı şəbəkələrinə qoşulma" işçi qrupunun videokonfrans formatında 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclası keçirilib.

Trend xəbər verir ki, işçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iclası açaraq gündəlikdə duran məsələləri təqdim edib, cari ildə müvafiq sahədə əldə edilmiş nailiyyətləri və qarşıda duran vəzifələrin səmərəli icrasının ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bildirib: "Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılan islahatlar və yaradılan elektron xidmətlər biznes mühitinin əlverişliliyinin artırılmasına müsbət təsir etməklə yanaşı, müvafiq sahədə beynəlxalq reytinqlərin yaxşılaşmasına töhfə verib. Bu sahədə əldə edilmiş nailiyyətlərin daha da gücləndirilməsi və yeni istiqamətlərdə təkmilləşmələrin davam etdirilməsi qarşıda duran əsas prioritetlərdəndir”.

"Azərişıq" ASC sədrinin birinci müavini Ramil Yusifov isə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində icra edilmiş rəqəmsallaşdırma və optimallaşdırma tədbirləri haqqında danışıb, növbəti ildə də bu səylərin genişləndiriləcəyini, eyni zamanda həm sahibkarlarla, həm də geniş ictimaiyyətlə müntəzəm kommunikasiyanın davam etdiriləcəyini qeyd edib.

 

İclasın gündəliyinə müvafiq olaraq, Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına hesablanmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. 2025-ci il üzrə Yol Xəritəsinin layihəsi müzakirəyə çıxarılıb, elektrik şəbəkəsinə qoşulma prosesinin daha da optimallaşdırılması məqsədilə nəzərdə tutulmuş tədbirlər iştirakçılar tərəfindən ətraflı təhlil edilib.

İntensiv Kommunikasiya Planının icrası istiqamətində elektrik şəbəkələrinə qoşulma prosesinin şəffaflığını təmin etmək və bu sahədə sahibkarların məlumatlılığını artırmaq məqsədilə reallaşdırılan tədbirlər nəzərdən keçirilib.

İclasda, həmçinin "Kommunal xidmətlər (elektrik)" indikatoru üzrə ekspert sorğularına verilən cavabların diaqnostika sənədi müzakirə edilib.

Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərnerji” ASC, "Azərişıq" ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qarşıda duran tapşırıqların icrası ilə bağlı təklif və tövsiyələr qiymətləndirilib.