Azərbaycan Tekstil Assosiasiyası ilə “Uztextilprom” arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb

Bakı keçirilən COP29 çərçivəsində noyabrın 14-də təşkil olunan “Daha yaxşı pambıq” konfransı zamanı Azərbaycan Tekstil Assosiasiyası ilə “Uztextilprom” Assosiasiyası arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova və “Uztextilprom” Assosiasiyasının sədri Mirmuxsin Sultanov imzalayıblar.

AZƏRTAC xəbər verir ki, bu memorandum iki qurum arasında strateji tərəfdaşlığın başlanğıcıdır və davamlı inkişaf, ekoloji məsuliyyət və COP29 prinsiplərinin tətbiqi əsasında toxuculuq sənayesinin inkişafına yönəlib.

Əməkdaşlığın əsas məqsədləri dayanıqlı toxuculuq texnologiyaları və ekoloji təmiz istehsal sahəsində təcrübə mübadiləsi, hər iki ölkənin toxuculuq sənayesində enerji effektivliyi və texnologiyaların tətbiqinə dəstək, həmçinin karbon izinin azaldılması və tullantıların idarə olunmasını əhatə edən COP29 standartlarına uyğun qlobal təşəbbüslərin dəstəklənməsindən ibarətdir.

İmzalanma mərasimində Fəridə Axundova bildirib ki, bu razılaşma Azərbaycan və Özbəkistan arasında tekstil sənayesində əlaqələrin dərinləşdirilməsi üçün vacib bir addımdır: “Birlikdə regionda pambıq və toxuculuq məmulatı istehsalında dayanıqlı inkişafı təşviq edə və qlobal ekoloji problemlərin həllində önəmli addımlar ata bilərik”.

“Uztextilprom”un sədri Mirmüxsin Sultanov Özbəkistanın pambıq sənayesinin qlobal əhəmiyyətini vurğulayaraq deyib: “Özbəkistan tekstil sektorunda zəngin ənənələri və geniş təcrübəsi ilə dünyanın aparıcı pambıq istehsalçılarından biridir. Azərbaycan Tekstil Assosiasiyası ilə bu tərəfdaşlıq hər iki ölkənin qlobal tekstil və pambıq bazarlarında iştirakını gücləndirmək üçün vacib bir addımdır. Birlikdə ortaq irsimizi və müasir imkanlarımızı birləşdirərək beynəlxalq səviyyədə daha güclü və rəqabətqabiliyyətli bir mövqeyə nail ola bilərik”.

Memorandum çərçivəsində tərəflər əməkdaşlığın nəticələrini qiymətləndirmək və yeni təşəbbüsləri planlaşdırmaq məqsədilə illik görüşlərin keçirilməsi, həmçinin toxuculuq sənayesində innovasiyaların təşviqinə yönəlmiş birgə tədbirlərin təşkili barədə razılığa gəliblər.

Sənədin imzalanması Azərbaycanın və Özbəkistanın toxuculuq sahəsində əlaqələrinin güclənməsində mühüm addımdır. Bu əməkdaşlıq qlobal ekoloji çağırışların həlli və regionda davamlı inkişafın təşviqi üçün yeni perspektivlər açır.

Azərbaycan Tekstil Assosiasiyası (ATA) ölkənin toxuculuq sənayesinin inkişafını və qlobal rəqabət qabiliyyətini dəstəkləyir. İstehsalçıları və dizaynerləri bir araya gətirən ATA əməkdaşlığı, keyfiyyət standartlarını və dayanıqlı təcrübələri təşviq edir. Assosiasiya uğurlu təcrübələri paylaşaraq və inkişafı təşviq edərək, toxuculuq istehsal zəncirinin bütün üzvlərini dəstəkləmək üçün çalışır.

Yeniliklərə və ekoloji cəhətdən təmiz istehsala diqqət yetirən ATA sənayenin iqtisadi inkişaf və mədəni irsin qorunmasındakı rolunu gücləndirir.

Özbəkistan Tekstil və Tikiş Sənayesi Assosiasiyası “Uztextilprom” 2017-ci ildə yaradılıb və 2000-dən bir çox toxuculuq və tikiş şirkətlərini birləşdirir və dəstəkləyir. Assosiasiya özbək istehsalçıları ilə beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığı gücləndirir, Tekstil Həftəsi kimi tədbirlər təşkil edərək sənayenin nailiyyətlərini nümayiş etdirir.

“Uztexstilprom” təhsil, standartlaşma və beynəlxalq uyğunluğa diqqət yetirərək ITMF və UNECE kimi qlobal təşkilatlarla dayanıqlı inkişafı təşviq edir. Bu təşəbbüslər Özbəkistanın qlobal toxuculuq sektorunda rəqabətqabiliyyətli və məsuliyyətli bir lider kimi mövqeyini gücləndirməyi hədəfləyir.

Gallery