Sənaye zonalarında istehsal edilən məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. 2015-ci ildən 2024-cü ilin oktyabrın 1-dək sənaye zonalarında 14,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,7 milyard manatlıq hissəsi ixrac edilib.

Bunu Trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov deyib.

O bildirib ki, bu ilin ilin 9 ayı ərzində sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşür:

“Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib.

Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 9400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.