COP29-da könüllülərin 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyəti nəzərdə tutulub - MÜSAHİBƏ

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin Könüllülərlə iş sektorunun rəhbəri Adilə Əliyeva COP29-da könüllülərin fəaliyyət istiqaməti, onların yüksək səviyyədə hazırlığının təmin edilməsi məqsədilə keçirilən təlimlər, COP29 Könüllülük proqramının ölkənin gələcək kadr potensialına təsiri, dayanıqlı gələcəyin təmin edilməsi istiqamətində gənclərin rolu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Adilə Əliyevanın müsahibəsini təqdim edirik:

-COP29-da könüllü kimi fəaliyyət göstərməyin üstünlükləri nədən ibarətdir?

-COP29 bugünə qədər ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirdir. Sözsüz ki, bu kimi tədbirlərin təşkili könüllülərin iştirakı olmadan mümkün deyil. Könüllülər hər zaman olduğu kimi, fərqli sahələrdə fəaliyyət göstərərək tədbirin ən yüksək səviyyədə təşkil edilməsinə dəstək verəcəklər. COP29-da könüllülərin, ümumilikdə, 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyət göstərməsi nəzərdə tutulub. COP29 könüllüləri hava limanında qonaqların qarşılanması prosesindən onların transportla hotellərə yerləşdirilməsi, eləcə də Bakı stadionunda dəstəyin göstərilməsinə qədər müxtəlif sahələrdə fəaliyyət göstərəcəklər. Xüsusilə qeyd etmək istərdim ki, könüllülərimiz tək qonaqlara deyil, eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına və BMT nümayəndələrinə müvafiq işlərin icrasında da yaxından dəstək göstərəcəklər.

-Belə mötəbər tədbirdə könüllü kimi fəaliyyət göstərmək gənclərin karyeralarına da müsbət təsir edəcək...

-Əlbəttə. COP29 qlobal iqlim konfransında iştirak üçün Bakıya bir sıra müxtəlif ölkələrdən on minlərlə qonaq və rəsmi nümayəndələr səfər edəcəklər. Könüllülərimizin təşkilatçılıq prosesinə cəlb edilməsi sözsüz ki, onların fərdi və peşəkar inkişafları üçün mühüm əhəmiyyət kəsb edir. Belə məsuliyyətli vəzifənin öhdəsindən gəlmək xüsusi hazırlıq tələb edir. Qeyd edim ki, könüllülərimizin hazırlığı prosesi çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi komandası tərəfindən 3 min saatdan çox fərdi və peşəkar inkişaf təlimi təşkil olunub. Təlimlərin əsas məqsədi könüllülərimizin tədbirə peşəkar formada hazırlığının təmin edilməsidir. Həm bu təlimlər nəticəsində əldə olunan biliklərin, həm də qlobal konfransın təşkilində iştirak nəticəsində qazanılan əvəzolunmaz təcrübənin könüllülərimizin gələcək peşəkar fəaliyyətlərinin aparılması və karyera yollarında irəliləməsi üçün təməl olacağından əminik.

-Bu təlimlər hansı istiqamətləri əhatə edir?

-COP29 könüllülərinin hazırlıq prosesində fərqli təlimlərə xüsusi diqqət yetiririk. Qeyri-formal öyrənmə metodu üzərində qurulmuş təlim proqramımızın məqsədi gənclərin tədbirə tam hazırlığı ilə yanaşı, onların fərdi və peşəkar inkişafını təmin etməkdən ibarətdir. Təlimlər prosesində, eyni zamanda, davamlılıqla bağlı fərqli mövzuların əhatə olunması könüllülərin bu sahədə də maariflənməsində xüsusi rol oynayıb. Öyrənmə prosesində könüllülər ümumi, rol və məkan təlimləri olmaqla, 3 fundamental təlimdə, 6 fərqli mövzuda seminarlarda və 5 mövzunu əhatə edən onlayn təlimlər prosesində iştirak ediblər. Bu təlimlər könüllülərin təyin olunduqları fərqli sahələrdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək üçün nəzərdə tutulub.

-COP29 Könüllülük proqramının ölkənin gələcək kadr potensialının formalaşmasında rolunu necə dəyərləndirirsiniz?

-Qeyd etdiyimiz kimi, İşçi qüvvəsi komandası olaraq, COP29 könüllülərinin fərdi və peşəkar inkişafına xüsusi diqqət yetiririk. Könüllülərimiz üçün fərqli təlimlərin təşkil edilməsi onların öz sahələrində gələcək peşəkarlar kimi yetişməsində mühüm rol oynayır. Həmçinin könüllülərimiz işlədikləri komandalarda öz sahələrinin peşəkarları olan əməkdaşlarla çiyin-çiyinə fəaliyyət göstərəcəklər. Əminik ki, hər layihədə olduğu kimi, bu tədbirdə də əməkdaşlarımız öz təcrübələrini könüllülərimizlə bölüşərək, onların əyani öyrənmə prosesinə yaxından dəstək olacaqlar. Belə dünya səviyyəli tədbirin bir parçası olmaq gənclərimizin yeni bilik və təcrübələr qazanması ilə nəticələnəcək ki, bu da ölkəmizin kadr potensialının daha da inkişafında mühüm rol oynayacaq.

-Bəs, ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyin təmin edilməsi istiqamətindəki layihələrdə gənclərin rolu nədən ibarətdir?

-Komandamız tərəfindən COP29-a qədər olan müddətdə tək Bakıda deyil, fərqli regionlarda da könüllülərimizin iştirakı ilə böyük ekoloji layihələr həyata keçirilib. Bu prosesdə əsas məqsədimiz könüllülərin ekoloji maarifləndirilməsinə xüsusi diqqət yetirmək idi. Ekoloji maarifləndirmə layihələri, eyni zamanda, bu sahədə müvafiq bilik qazanmış könüllülərimizin yaxından dəstəyi ilə vətəndaşlar arasında da aparıldı. Könüllülər fərqli təmizlik aksiyalarında 2 min 500 kiloqramdan artıq tullantını təkrar emal üçün yığaraq təhvil verdilər, fərqli ekoloji aksiyalarda və master-klasslarda şəhər sakinlərinin maarifləndirilməsi prosesində bilavasitə iştirak edərək, prosesə öz tohfələrini verdilər. Əminliklə deyə bilərik ki, könüllülərimizin bu proqram çərçivəsində öyrəndikləri gələcəkdə ölkəmizdə ekoloji layihələrin və ekoloji aksiyaların daha da artmasına səbəb olacaq. Belə ki, gənclərimiz ekologiyamızın qorunmasında öz məsuliyyətlərini tam anlayır və yaşıl dünya naminə həmrəy olmağa tam hazırdırlar!