ICESCO iqlim liderliyi üzrə gənclərin təlim düşərgəsinin yekun bölməsini Azərbaycanda keçirəcək

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində yerləşən regional ofisi vasitəsilə İslam dünyasının müxtəlif ölkələrindən olan bir qrup gənc üçün iqlim liderliyi üzrə təlim düşərgəsi təşkil edir. Yekun bölməsinin Azərbaycanda keçiriləcəyi tədbirin məqsədi gənc nəslin iqlim fəaliyyəti ilə bağlı innovativ layihələr hazırlamaq və həyata keçirmək üçün potensialını artırmaq, həmçinin planetin gələcəyini təhdid edən iqlim problemləri ilə mübarizə aparmağa qadir olan gənc liderlər nəslinin meydana çıxmasına töhfə verməkdir.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, oktyabrın 21-də Şarja Tədqiqat, Texnologiya və İnnovasiya Parkının (SRTIP) qərargahında başlayan düşərgə üç gün davam edəcək. Bu, ICESCO-nun yeni baxışının və strateji istiqamətlərinin bir hissəsidir və təşkilat tərəfindən bir sıra üzv dövlətlərdə keçirilən təlim düşərgələrindən biridir. Tədbir Birləşmiş Ərəb Əmirliklərinin bir sıra qurumları və təşkilatları ilə əməkdaşlıq çərçivəsində İslam dünyasının müxtəlif ölkələrindən olan çoxlu məruzəçi və iştirakçıları bir araya gətirir.

Açılış nitqi ilə çıxış edən ICESCO-nun regional ofisinin direktoru Səlim Ömər ekosistemləri qorumaq, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün davamlı və innovativ həllər tapmaq məqsədilə gənclərin inteqrasiyası və onların yaradıcılıq imkanlarından istifadə edilməsində bu düşərgənin əhəmiyyətini vurğuladı. O, həmçinin yaşıl texnologiyalara və bərpaolunan enerjiyə sərmayələrdə gənc sahibkarların rolunu qeyd edib.

ICESCO-nun təşkil etdiyi bu düşərgə üç sessiyadan ibarətdir: onlardan birincisi 2024-cü ilin iyununda İndoneziyadakı Asiya sessiyası, hazırda Şarjada davam edən ərəb sessiyası və Afrika sessiyasıdır. Bundan sonra Azərbaycanda gənclərin iqlimlə bağlı problemlərin innovativ həlli ilə bağlı təkliflərini təqdim edəcək yekun sessiya keçiriləcək.