ADY: Avropa və Asiyanın kəsişməsində yerləşməyimiz Orta Dəhliz kimi marşrutlarda bizə önəmli yer tutmağa imkan verir

Azərbaycan hökuməti biznes mühitinin yaxşılaşdırılması, o cümlədən dəmir yolu sektoruna birbaşa təsir edən bir sıra islahatlar həyata keçirib. Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) infrastruktur və heyətinin təhlükəsizliyi ilə bağlı milli standartlaşdırma proqramı üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bunu ADY-nın Tədqiqat və inkişaf mərkəzinin rəhbəri vəzifəsini icra edən Orxan Əhmədzadə “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman şirkətləri üçün tərəfdaşlıqlar və imkanlar” forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ADY mövcud xətlərin yenilənməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni tikinti layihələri icra edir.

“Bu, təkcə həmin regionların bərpası deyil, həm də bu ərazilərin milli və beynəlxalq iqtisadiyyata inteqrasiyası ilə onların iqtisadi potensialının ortaya çıxarılmasıdır. Yeni dəmir yolları həm yerli, həm də beynəlxalq şirkətlər üçün imkanlar yaratmaqla biznesi, ticarəti və icma inkişafını dəstəkləmək üçün nəzərdə tutulub. Bura gömrük prosedurlarının sadələşdirilməsi, inzibati proseslərin rəqəmsallaşdırılması, onların beynəlxalq təhlükəsizlik və əməliyyat standartlarına uyğunlaşdırılması daxildir. Avropa və Asiyanın kəsişməsində yerləşməyimiz bizə Azərbaycanın sürətlə ticarət, logistika mərkəzinə çevrildiyi bir vaxtda, Çin və Avropanı birləşdirən Orta Dəhliz kimi marşrutlarda önəmli yer tutmağa imkan verir. Hökumət, xüsusilə infrastruktur, logistika sahəsində yerli və xarici investisiyaları cəlb etmək üçün sabit, şəffaf və biznes üçün əlverişli mühit yaratmaq üzərində fəal işləyir. Bu səylər Azərbaycanı qlobal ticarətdə vacib oyunçuya çevirməklə yanaşı, ölkənin iqtisadiyyatını da şaxələndirməyə kömək edir”, - deyə Orxan Əhmədzadə vurğulayıb.

ADY rəsmisi onu da əlavə edib ki, dəmir yolu sektoru Azərbaycanın inkişafı üçün kritik əhəmiyyətə malikdir və investisiyaların cəlb olunmasında, ticarət həcminin artırılmasında əsas rol oynayır: “Bu layihələr Azərbaycanın qlobal təchizat zəncirlərində əsas halqa kimi mövqeyini gücləndirmək üçün daha geniş səylərin bir hissəsidir”.