“Şevron” enerji korporasiyasının nümayəndə heyəti Səngəçal terminalında olub

ABŞ-ın “Şevron” enerji korporasiyasının Qazaxıstanda yerləşən Avrasiya Biznes Bölümünün icraçı direktoru Derek Magnessin başçılıq etdiyi nümayəndə heyəti bu gün Səngəçal terminalında olub. Nümayəndə heyətini terminala səfərdə “SOCAR Midstream Operations” şirkətinin rəhbərliyi müşayiət edib.

AZƏRTAC xəbər verir ki, bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qonaqlara Azərbaycanın neft sənayesinin tarixi barədə ətraflı məlumat verib.

Terminalla tanışlıq Xəzər Enerji Mərkəzindən başlayıb. Qeyd olunub ki, Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salınması və terminalda yerləşən BTC əsas nasos stansiyası ərazisində keçirilən təntənəli mərasim vaxtına təsadüf edib.

Qivami Rəhimli neft sənayesində Azərbaycanın əldə etdiyi birincilikləri qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. 1878-ci ildə Xəzər dənizində suya salınan Nobel qardaşlarının “Zərdüşt” (“Zoroastr”) gəmisi dünyada ilk neft tankeri, 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən uzun neft kəməri (833 kilometr) olub. Bu boru kəmərinin Mtsxeta şəhəri yaxınlığında olan və bu günümüzə qədər gəlib çatmış nasos stansiyalarından biri hazırda Gürcüstanın mədəni irs siyahısına daxil edilib.

Sonra qonaqlar avtobusla Səngəçal terminalının əməliyyatlar sahəsinə gedərək oradakı qurğularla tanış olublar. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.

Qonaqlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı ilk - əsas nasos stansiyası və ixrac boru kəmərlərinin fəaliyyətini nəzarətdə saxlayan, problemləri aşkara çıxara bilən nəzarət idarəetmə mərkəzi ilə də tanış olublar.

“Şevron”un Avrasiya Biznes Bölümünün icraçı direktoru Derek Magness SOCAR-la əməkdaşlığı, bp-nin regiondakı fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycanın qlobal enerji təchizatının şaxələndirilməsində rolunu xüsusi qeyd edib.