Müyəssərlik departamentinin eksperti: COP29-u yeni bir model kimi ictimaiyyətə təqdim edəcəyik

COP29-a hazırlıq göstəricilərindən biri məhz müyəssərlikdir. Hazırda tədbir sahələrindəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq. Biz COP29-u yeni bir model kimi ictimaiyyətə təqdim edəcəyik. Əvvəllər eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün nəzərə alınmayan bir çox məsələlər üzərində işlər görülür. Məsələn, müəyyən zallarda su dispenserlərinin olması, görmə məhdudiyyəti olan insanlar üçün daktil xəritələrin və Brayl əlifbası ilə yazılmış bukletlərin paylanılması kimi sosial xidmətlər əlavə olunub. Xüsusi xidmətlərlə təkərli oturacaq istifadəçiləri üçün təmir servisləri də yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 Müyəssərlik departamentinin eksperti Kamal Məmmədov jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, COP29 tədbirində müxtəlif kateqoriyalarda əlilliyi olan insanların hamısının bərabər şəraitdə iştirak etmələri üçün hər şey nəzərə alınıb. Bu sahələr üzrə bütün işlər artıq yekunlaşmaq üzrədir. Əl işarə dili ilə tərcümə xidmətlərinin təşkil olunması da vacib yeniliklərdəndir. Bundan əlavə, görmə məhdudiyyəti olan insanlar üçün daktil xəritələr quraşdırılıb və xüsusi dizayn edilmiş rənglərdən istifadə olunub ki, bu insanlar kontrastı daha yaxşı görə bilsinlər. Nəqliyyat əlçatan olub, bantus liftlər quraşdırılıb.

“İşin ən vacib məqamlarından biri isə müyəssərlik sektorunda çalışan insanların əlilliyi olan şəxslər olmasıdır. Xidmət sahələrində də məhz əlilliyi olan insanlar cəlb olunub. Brayl əlifbası ilə yazılan stikerlərdən başlayaraq, təmir xidmətində çalışan işçilər də daxil olmaqla, könüllülər arasında da əlilliyi olan şəxslər yer alır”, - deyə Kamal Məmmədov əlavə edib.