Energetika naziri: Növbəti 3 il ərzində 2,5 milyon tona qədər emissiyaların azalması gözlənilir

Növbəti 3 il ərzində istismara veriləcək stansiyalardan 5,3 milyard kilovat-saat elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr qazın sərbəstləşməsi və 2,5 milyon tona qədər emissiyaların azalması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan energetikasında yaşıl era” məqaləsində qeyd olunub.

Nazir bildirib ki, 2027-ci ilədək təxminən 2,8 milyard dollar həcmində xarici və yerli investisiya hesabına 2 qiqavat civarında sənaye miqyaslı 8 günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması ilə bağlı planların icrası göstərir ki, Azərbaycan yaşıl enerji cığırı ilə sürətlə irəliləyir və bu, artıq geriyədönməz prosesdir.

“Bərpaolunan enerji gündəliyimizin reallaşdırılması “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində daha geniş vüsət alıb. Bu ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə təxminən 1 milyard dollar məbləğində investisiya dəyərinə və 1000 meqavat ümumi gücə malik üç stansiyanın - Neftçalanın Bankə qəsəbəsində 315 meqavat, Biləsuvarda 445 meqavat gücündə günəş və Abşeron-Qaradağ rayonları ərazisində 240 meqavatlıq Külək Elektrik stansiyalarının (KES) təməli qoyulub. Həmçinin “ACWA Power” şirkəti ilə 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 meqavatlıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalanıb. Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kilovat olan və illik 160 min kilovat-saat elektrik enerjisi istehsalı imkanına malik ilk üzən Günəş Elektrik Stansiyası istifadəyə verilib”, - deyə o qeyd edib.

P.Şahbazov vurğulayıb ki, ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac prosesinə start verilib və 100 meqavat gücündə “Qobustan” GES layihəsi üzrə hərracın nəticəsinin COP29 zamanı elan edilməsi nəzərdə tutulur: “COP çərçivəsində icrasına təkan verilən digər bir layihə 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasıdır. Cəbrayılda tikiləcək bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə yaşıl enerjinin vəhdətinin nümunəsi olacaq. Gələn il istismara veriləcək 240 meqavat gücündə “Xızı-Abşeron” KES-in inşası ilə bağlı da hazırda intensiv işlər görülür. Abşeron rayonunun Pirəkəşkül kəndində və Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq 40 ədəd külək turbininin komponentləri artıq əraziyə gətirilib. 6,5 meqavatlıq ilk turbin COP29 tədbirinə qədər hazır olacaq. “Nobel Energy” şirkəti tərəfindən Cəbrayılda 100 meqavat gücündə iki Günəş Elektrik Stansiyası, “China Gezhouba Group Overseas Investment” şirkəti tərəfindən isə Füzulidə 160 meqavat gücündə iki Günəş Elektrik Stansiyasının tikintisi layihələri üzrə tədbirlər davam etdirilir. Ən əsası 2030-cu ilə 30 faizlik hədəfimizi daha erkən və artıqlaması ilə yerinə yetirə biləcəyik. Başqa sözlə, artıq 2027-ci ildə elektrik enerjisinin istehsal gücündə yaşıl enerjinin payını 33 faizə yüksəltməyə nail olacağıq”.