“GL Group” iki baş vitse-prezident təyin edib

“GL Group” bu gün iki baş vitse-prezidentin - Texniki funksiyalar və beynəlxalq əməliyyatlar üzrə baş vitse-prezident vəzifəsinə Gilbert Byülerin və Azərbaycandakı əməliyyatlar üzrə baş vitse-prezident vəzifəsinə Elman Seyidovun təyin olunduğunu elan edib. Təyinatlar dərhal qüvvəyə minib.

G.Byüler yataqların işlənməsi və idarə olunmasının bütün aspektləri üzrə 40 ildən artıq təcrübəyə malikdir. “GL Group”a qoşulmazdan əvvəl o, bp və “Exxon” şirkətlərində çoxsaylı beynəlxalq rəhbər və texniki vəzifələrdə çalışıb. Onun daha əvvəl çalışdığı əsas rəhbər vəzifələrə bp şirkətinin Rusiyada Hasilat üzrə vitse-prezidenti, bp şirkətinin İraq Kürdüstanı üzrə baş meneceri, bp şirkətinin Yaxın Şərqdə Yataqların işlənməsi üzrə vitse-prezidenti, Rusiyada TNK-bp-nin İstismarda olan yataqların işlənməsi üzrə direktoru, İraqın Rumayla yatağı üzrə Texniki meneceri və Alyaskadakı Prudo Bey (Prudhoe Bay) yatağının işlənməsi üzrə meneceri vəzifələri daxildir. G.Byüler ABŞ-ın Kanzas Universitetində neft mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb. G.Byüler “GL Group”da Məşvərət Şurasının üzvü kimi də öz fəaliyyətini davam etdirəcək.

E.Seyidovun texniki və rəhbər vəzifələrdə 30 ildən artıq təcrübəsi var. “GL Group”a qoşulmazdan əvvəl E.Seyidov 18 il bp şirkətində Azərbaycanda və Şimal dənizində müxtəlif texniki və rəhbər vəzifələrdə çalışıb. Bunlara “Şahdəniz” yatağında, eləcə də “Azəri-Çıraq-Günəşli” yatağında Əməliyyatlar üzrə menecer, Regional hasilat meneceri, həmçinin Xəzər dəniz sualtı regional meneceri vəzifələri daxildir. Çalışdığı bu vəzifələrdə E.Seyidov daim təhlükəsizlik, dayanıqlılıq və istehsalın optimallaşdırılmasına diqqət yetirib. Neft sənayesinin inkişafındakı mühüm xidmətlərinə görə E.Seyidov 2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyev tərəfindən nüfuzlu “Tərəqqi” medalı ilə təltif edilib. E.Seyidov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft və qaz yataqları avadanlıqlarının maşınqayırma mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alıb.

“Gilbert Byülerin misilsiz beynəlxalq səviyyəli texniki və liderlik təcrübəsi “GL Group”un həm Azərbaycanda, həm də beynəlxalq miqyasda qısa və uzunmüddətli məqsədlərinə nail olması üçün açar olacaqdır”, - deyə “GL Group”un Qrup baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib. “Elman Seyidov çox çətin mühitlərdə təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən səmərəli əməliyyatlara rəhbərlik etməsi ilə nüfuz qazanıb. Onun strateji və taktiki rəhbərliyi “GL Group”un Azərbaycanda qısa və uzunmüddətli məqsədlərinə çatmasında əsas rol oynayacaq”.

“GL Group” haqqında:

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Kanadanın “Gazelle Energy Limited” şirkətinin Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağındakı 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.