Nazir: Ölkəmizin ümumi elektrik enerjisi istehsal gücü 4 faiz artıb

Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 meqavata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 324,8 meqavat və ya 4 faiz artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan energetikasında yaşıl era” məqaləsində qeyd olunub.

Nazir qeyd edib ki, elektroenergetika sistemində ümumi gücü 6 623 meqavat olan 22 istilik elektrik stansiyası, 1 406,6 meqavatlıq 58 su elektrik stansiyası, 278,1 meqavat gücündə 9 günəş elektrik stansiyası, 63,7 meqavat gücündə 5 külək elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir.

“Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792,6 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 21,3 faizini təşkil edir. Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 491 MVA olan 110-500 kV-luq 254 yarımstansiya istismardadır.

Ötən il 29,3 milyard kilovat-saat istehsal, 3,2 milyard kilovat-saat ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2023-cü ildə 23,2 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib. Elektrik enerjisi itkiləri 2,9 faiz azaldılıb. Bu ilin 9 ayı ərzində 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 247,7 milyon kilovat-saat artımla 21,8 milyard kilovat-saat olub ki, burada 9 dəfədən çox günəş elektrik enerjisi istehsalı bərpa olunan mənbələrin payını 14,1 faizə yüksəldib. İxrac isə Gürcüstana 898,7 milyon kilovat-saat, Türkiyəyə 176,4 milyon kilovat-saat, Rusiyaya 137,4 milyon kilovat-saat və İrana 27,9 milyon kilovat-saat olmaqla ümumilikdə 1,2 milyard kilovat-saat təşkil edib. Elektrik enerjisinin idxalı bu dövrdə azalaraq 139,4 milyon kilovat-saat olub”, - deyə nazir məqalədə bildirib.