Paytaxtın velosiped yolları test edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən son mikromobillik zolaqlarından biri də 28 May küçəsindəki yollardır.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, yeni zolaqları test etmək məqsədilə AYNA veloyürüş təşkil edib.

Yürüşün başlanğıc nöqtəsi Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsi seçilib. Veloyürüşü 28 May küçəsi ilə davam etdirən iştirakçılar marşrut üzrə uzunluğu 2 kilometrə yaxın yol qət edərək finiş xəttinə çatıblar.

Yürüşdə iştirak edən peşəkar velosipedçilər bu qəbildən olan tədbirlərin mikromobillik vasitələrinin qısa məsafələr üçün alternativ və səmərəli alət kimi istifadəsinin təşviqi baxımından əhəmiyyətini qeyd edib, Bakıda mikromobillik zolaqları şəbəkəsinin daha da genişləndirilməsi planlarını dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, mikromobillik vasitələrinin ətraf mühitə və sağlamlığa müsbət təsiri, eləcə də qısa məsafələrə səfər üçün effektiv olduğu barədə əhalinin daha çox məlumatlandırılması məqsədilə təşkil olunan bu kimi layihələri dəstəkləyən AYNA gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, mikromobillik vasitələrindən istifadə edərkən təhlükəsizliyin təmin edilməsi məqsədilə yol nişanlarına və işıqforların tələbinə riayət, gecə hərəkət edərkən işıqqaytarıcı geyimlər və reflektorlardan istifadə, hərəkət zamanı telefonla oynamamaq, hərəkət vasitələrinin texniki vəziyyətini müntəzəm yoxlamaq vacibdir.