Cənubi Koreyada “COP29-a aparan yol - Azərbaycanda, Bakıda gündəlikdə nə var?” adlı panel müzakirələr təşkil olunub

Mənzil-qərargahı Cənubi Koreyada yerləşən Qlobal Yaşıl Artım İnstitutu (GGGI) “Təxminsizlik dövründə yaşıl artım” adlı Qlobal Yaşıl Artım Həftəsi çərçivəsində Seulda “COP29-a aparan yol - Azərbaycanda, Bakıda gündəlikdə nə var?” adlı panel müzakirələr təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin sabiq Baş katibi, GGGI Şurasının prezidenti və sədri Pan Gi Munun videomüraciəti səsləndirilib. O, dünyada siyasi qeyri-sabitlik, hazırda davam edən müharibələr, iqtisadi qarşıdurmalar, qlobal istiləşmə, iqlim dəyişiklikləri təhdidlərinə toxunub, ətraf mühit böhranları ilə mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, az karbonlu dayanıqlı dünyanın formalaşdırılmasında və yaşıl artımın sürətləndirilməsində GGGI-nin səylərini qeyd edib.

Panel müzakirələrdə əsas natiq qismində iştirak edən ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov Azərbaycanın ətraf mühit təhlükəsizliyinə, ekoloji dayanıqlılığa və yaşıl artıma verdiyi əhəmiyyətdən, eləcə də iqlim dəyişikliyinin mənfi fəsadlarının ölkəmizin qarşısına qoyduğu hədəflərə nail olunmasına törətdiyi təhdidlərdən danışıb. O, Azərbaycanın strateji hədəflərindən birini karbon iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidin təşkil etdiyini, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də təsbit olunmuş 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım olduğunu, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini diqqətə çatdırıb.

Diplomat Ermənistanın transsərhəd suları çirkləndirməsinin strateji ətraf mühit hədəflərimizə nail olmağa törətdiyi çətinliklər, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların və partlamamış sursatların uzunmüddətli ətraf mühit məqsədlərimizə nail olunmasına yaratdığı maneələrdən danışıb.

COP29-un əhəmiyyəti, əsas mövzusu, vizyonumuz, gözləntilərimiz, sədrliyimiz çərçivəsində görülən işlər və irəli sürdüyümüz təşəbbüslər, İqlim Fəaliyyəti üzrə Dünya Liderləri Sammiti barədə məlumat verən R.Həsənov “COP Truce” (“COP atəşkəsi”) təşəbbüsü ilə əlaqədar birgə atəşkəs çağırışından bəhs edərək, indiyədək 127 ölkənin və 1100-ə yaxın qeyri-dövlət aktorunun, eləcə də çoxsaylı tanınmış şəxsin və dini liderlərin bu təşəbbüsü dəstəklədiklərini diqqətə çatdırıb.

GGGI-nın baş direktorunun müavini Helena MakLaud COP29-a qatılacaq GGGI-nin nümayəndə heyətinə başçılıq edəcəyini, COP29-un əsas diqqətinin maliyyə məsələlərinə cəlb olunacağını bildirib. Eyni zamanda, GGGI-da iqlim fəaliyyətinin təsirləri və iqlim maliyyələşdirilməsi ilə bağlı aparılmış tədqiqatların nəticələrini təqdim edib.

Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin yaşıl inkişaf və iqlim dəyişikliyi üzrə nazir müavininin köməkçisi Alanud Alhac COP28-in nəticələri, nailiyyətləri, həmin tədbir çərçivəsində aparılmış danışıqlar və maliyyə vədləri, eləcə də İtki və Zərər Fondu barədə məlumat verib. O, həmçinin “Troyka” formatı çərçivəsində Azərbaycan və Braziliya ilə birlikdə çalışdıqlarını, ölkəmizin səylərini dəstəklədiklərini vurğulayıb, eləcə də COP29 zamanı iqlim maliyyələşdirilməsi məsələsinin irəlilədiləcəyinə, Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) müəyyənləşdiriləcəyinə ümid bəslədiklərini bildirib.

GGGI-nin baş direktorunun köməkçisi Kyunq Nam Şin çıxışında İnstitutun fəaliyyətləri, layihələri, yaşıl artım indeksi, cəlb edilmiş maliyyə resursları, donorları, Karbon Keçidi Mexanizmi və Koreya Yaşıl Yeni Sövdələşmə Etimad Fondu barədə danışıb.

GGGI-nin İqlim Fəaliyyəti və İnklüziv İnkişaf Departamentinin direktoru İnqvild Solvanq ölkəmizə COP29-la bağlı böyük məsuliyyətli işdə müvəffəqiyyətlər arzulayıb, COP29-un mürəkkəb gündəliyi ilə bağlı hərtərəfli icmala görə təşəkkürünü bildirib, “COP Truce” (“COP atəşkəsi”) təşəbbüsünün maraqlı olduğunu və Qlobal Yaşıl Artım Həftəsinin mövzusuna uyğun gəldiyini vurğulayıb.