Yaşıl transformasiyaya doğru: Xəzər hövzəsində diplomatik strategiyalar TƏDQİQAT

Dünyada ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan rasional istifadə və onların mühafizəsi qlobal problemə çevrilib. Son dövrlər müşahidə olunan ekoloji fəlakətlər arasında həyati əhəmiyyət kəsb edən su hövzələrinin quruması isə daha çox narahatlıq doğuran məsələlərdən biri hesab olunur. Bu səbəbdən də Dünya İqtisadi Forumu ardıcıl üç ildir ki, su böhranını ilk üç vacib qlobal risklər siyahısına daxil edir. Aral gölü faciəsi bunun acı bir nümunəsidir. Vaxtilə dünyanın ən böyük dördüncü gölü olan Aral mənbə sularının dayanıqsız istismarı və yanlış idarəetmə nəticəsində quruyubdur.

Bu barədə AZƏRTAC-a Almaniyanın Potsdam Universiteti magistrantı Aydan Əliyeva məlumat verib. O, qeyd edib ki, bu fəlakət nəinki bölgənin ekoloji tarazlığını pozub, həmçinin əhalinin iqtisadi və sosial vəziyyətinə dağıdıcı təsir göstərib. “Belə halları doğuran səbəbləri araşdıraraq Xəzər hövzəsinin də analoji taleyi yaşamaması üçün ciddi tədbirlər görülməsinə çağırış etməliyik. Xəzər hövzəsi həm ekoloji zənginliyi, həm də geosiyasi mövqeyi ilə region üçün strateji əhəmiyyət daşıyır. Hazırda bu zəngin region ciddi ekoloji problemlərlə üz-üzədir və qabaqlayıcı tədbirlərə ehtiyac duyur.

Xəzərin 2008 və 2023-cü illərdə peykdən çəkilmiş iki şəklində sözügedən ekoloji problemləri və dayazlaşmanı aydın görmək olar. Belə ki, Xəzər dənizinin Qazaxıstan sektorunun su səthinin sahəsi 2008-ci ildə 113 866,67 kvadratkilometr, 2023-cü ildə isə 105 745,23 kvadratkilometr təşkil edib.

Yaşıl diplomatiya: zərurət və imkanlar

Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə öz təsirini göstərir. Bu zəmində, son dövrlər beynəlxalq münasibətlərdə geniş tətbiq olunan Yaşıl diplomatiya adlı konsepsiya formalaşıb. Bu konsepsiya ətraf mühit komponentlərinin qorunması və mövcud qlobal ekoloji problemlərin həlli məqsədilə dövlətlər arasında əməkdaşlığın və diplomatik səylərin birləşdirilməsini təşviq edir.

Yaşıl diplomatiya ətraf mühitin davamlı inkişafı üçün beynəlxalq razılaşmaların, müqavilələrin və müzakirələrin mərkəzində dayanaraq ekoloji fəlakətlərin qarşısını almağı və qlobal resursların ədalətli bölüşdürülməsini təmin etməyi hədəfləyir. Xəzər hövzəsi kimi ekoloji cəhətdən həssas bölgələrdə isə yaşıl diplomatiyanın tətbiqi əhəmiyyətli olmaqla yanaşı, zəruridir. Hazırda regionda müşahidə olunan su qıtlığı, çirklənmə və bioloji müxtəlifliyin azalması kimi ekoloji problemlərin həlli üçün yaşıl diplomatiya daha geniş miqyasda tətbiq olunaraq region dövlətləri arasında əməkdaşlıq və diplomatik səylər gücləndirilməli, o cümlədən həyati əhəmiyyət kəsb edən təbii resursların düzgün mexanizmlərlə rasional idarə olunması təmin edilməlidir. Hazırkı vəziyyətdə problemin həlli üçün regionda su diplomatiyasının tətbiqi zəruridir. Yəni, mövcud su resurslarının ədalətli paylaşılması və region dövlətləri arasında ortaq idarəetmə strategiyasının formalaşdırılması ilə Xəzər dənizinin ekosisteminin sağlam saxlanılması, təbii ehtiyatların davamlı istifadəsi və gələcək nəsillər üçün bu resursların qorunması təmin edilə bilər.

Xəzər hövzəsinin əhəmiyyəti

Xəzər dənizi dünyanın ən böyük daxili su hövzəsi olaraq, onun sahillərində yerləşən beş ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran üçün xüsusi əhəmiyyət kəsb edir. Bu ölkələr üçün Xəzər su, ərzaq, nəqliyyat və enerji mənbəyidir. Xəzər dənizi təkcə ekoloji xəzinə deyil, həm də geosiyasi əhəmiyyətə malik mərkəz kimi beynəlxalq aləmdə tanınır. Bölgənin zəngin neft və qaz resursları qlobal diqqəti cəlb etməklə yanaşı, enerji təhlükəsizliyi baxımından bir çox ölkələr üçün strateji əhəmiyyət kəsb edir.

Külək enerjisi: yaşıl transformasiya yolu

Son illərdə iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün alternativ enerji mənbələrindən istifadə və yaşıl texnologiyalara keçid sürətlənib. Bu kontekstdə, bərpaolunan enerji mənbələri arasında külək enerjisi xüsusi önəm daşımaqla qlobal miqyasda ətraf mühitin qorunmasına, o cümlədən enerji təminatına böyük töhfə verir. Xəzər hövzəsində də bu enerji növünün geniş tətbiqi üçün böyük potensial mövcuddur. Bölgənin külək enerjisi potensialı, - xüsusilə Xəzər dənizinin şimalında küləyin sürəti təxminən saniyədə 7-8 metr arasında dəyişir, - böyükmiqyaslı külək stansiyalarının qurulması üçün əsas amillərdəndir. Bundan əlavə, araşdırmalar göstərir ki, Xəzər dənizinin şimal və mərkəzi hissələrində elektrik enerjisinin normallaşdırılmış dəyəri (LCOE) 0.25 ABŞ dolları/kWh təşkil edir ki, bu da həmin əraziləri külək elektrik stansiyaları layihələrinin icrası üçün əlverişlidir .

Hazırda Xəzərdə sahilyanı dövlətlər tərəfindən külək enerjisinin əldə olunması istiqamətində iddialı layihələr həyata keçirilir. Bu istiqamətdə Azərbaycanın beynəlxalq təşkilatlar və regiona bu sahədə investisiya yatırmaqda maraqlı olan ölkələrlə əməkdaşlığı çərçivəsində külək stansiyalarının tikintisinə başlanılıb. “WindEurope və Bərpa Olunan Enerji Agentliyi Tərəfdaşlığı”, “Azərbaycan və “Masdar” arasında 10 GW-lıq müqavilə”, “SOCAR və “Technip Energies”in üzən külək” və “200 MW-lıq dənizdə külək enerjisi” kimi layihələr xüsusi əhəmiyyət kəsb edir.

“WindEurope” və Azərbaycanın Bərpa Olunan Enerji Agentliyi arasındakı əməkdaşlıq Azərbaycanın külək enerjisi potensialından istifadə edərək bu istiqamətdə layihələrin inkişaf etdirilməsi və “Xəzər-AB Yaşıl Enerji” dəhlizinin qurulmasını hədəfləyir.

BƏƏ “Masdar” şirkəti ilə imzalanmış 10GW-lıq müqavilə isə Azərbaycanın tarixində ən böyük saziş olmaqla, Xəzər dənizində 10GW-a qədər yaşıl hidrogen istehsalını nəzərdə tutur.

Qeyd olunan sazişlər yaşıl enerjiyə keçidin Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən biri olduğunu göstərməklə yanaşı, yaşıl enerji ixracatçısı olmaq iddiasını da nümayiş etdirir.

Belə təşəbbüslər həm yaşıl enerji sahəsində dövlətlərarası əməkdaşlığı genişləndirir və diplomatik münasibətləri gücləndirir, həm də ekoloji davamlılığı təmin edir. Lakin yaşıl transformasiya çərçivəsində həyata keçirilən layihələr təkcə külək enerjisi ilə məhdudlaşdırılmamalı, böyük potensiala malik günəş enerjisi və digər bərpaolunan enerji mənbələrindən də istifadə üçün analoji layihələr təşviq olunmalıdır.

Xəzəryanı ölkələrin mövcud potensiallarını nəzərə alsaq, onlar bərpaolunan enerji sahəsinə investisiyalar cəlb etməklə yaşıl transformasiyanın öncülü ola bilərlər. Yaşıl transformasiya yolu ilə alternativ enerji mənbələrindən istifadə, həmçinin fosil yanacaqlardan asılılığı azaldaraq enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Xəzərin ekoloji problemlərdən mühafizəsinə töhfə verəcək.

Nəticə

Xəzər hövzəsinin gələcəyi region dövlətlərinin koordinasiyalı fəaliyyət göstərməklə ortaq məqsədlərə nail olmaq üçün yaşıl diplomatiyanın effektli və təsirli şəkildə tətbiq olunmasından asılıdır. İqtisadi inkişafı ətraf mühitin qorunması ilə tarazlaşdıran yaşıl transformasiya prosesini həyata keçirmək üçün dövlətlər arasında sıx əməkdaşlıq, innovasiya və ekoloji mühafizəyə sadiqlik, eləcə də siyasi iradə tələb olunur. Bu zəmində, yerli, milli, regional və qlobal səviyyədə əməkdaşlıq fəaliyyətlərinin artırılması zəruridir. Yaşıl diplomatiya Xəzərin həm ekoloji, həm də iqtisadi cəhətdən həyati əhəmiyyət kəsb edən bir resurs olaraq gələcək nəsillərə ötürülməsini təmin edə bilər.