COP29: Nazir: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq

“Biz bütün mənbələrdən iqlim maliyyələşdirməsini genişləndirmək üçün implementasiya vasitələrini işə salmalıyıq. Həmçinin mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq. Danışıqlarda əsas prioritetimiz iqlim probleminin miqyasına və aktuallığına cavab verən ədalətli və iddialı İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədidir (NCQG). Biz, həmçinin Yaşıl İqlim Fonduna və Adaptasiya Fonduna töhfələrin artırılmasına çağırışlar etməyə davam edirik. Lakin biz başa düşürük ki, uyğunlaşmanın bütün maliyyəsi dövlət sektorundan gələ bilməz. Hazırda uyğunlaşmanın maliyyələşdirilməsinin yalnız 2 faizi özəl sektordan gəlir”.

AZƏRTAC xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Pre-COP29 çərçivəsində keçirilən iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda deyib.

“Biz özəl maliyyə institutlarını adaptasiyaya investisiyalarını genişləndirməyə çağırırıq. Həmçinin adaptasiya maliyyəsinin əlçatanlığını da artırmalıyıq. Çoxtərəfli İnkişaf bankları və Beynəlxalq Maliyyə institutları özəl sektor investisiyalarının cəlb edilməsində katalitik rol oynamalıdırlar. Beləliklə, biz iqlim maliyyəsinin miqyasını, effektivliyini və ona asan çıxışı artırmaq üçün bu təşkilatlarla işləyirik. Bununla yanaşı, Yaşıl İqlim Fondu və Adaptasiya Fondu ilə uyğunlaşma maliyyəsi üçün funksionallığı təkmilləşdirmək üçün işləyirik.

Nəhayət İtki və Zərərə cavab verən Fondun yaradılması və fəaliyyət göstərməsi istiqamətində qəti addımlar atdıq. Biz indi COP29-da vədləri hiss olunan töhfələrə çevirmək üçün fond və donorlarla işləyirik”, - deyə nazir bildirib.