COP29:  Pre-COP29 real dialoqa başlamaq və nəticələr əldə etmək imkanı verir - İtaliyanın xüsusi elçisi

Pre-COP29 real dialoqun başlanması və nəticələrin əldə olunması üçün imkan yaradır.

Bu barədə Trend-ə İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (Pre-COP29) ilkin iclasında deyib.

“COP29 iqlim gündəliyində mühüm rol oynayır, çünki bu konfrans iqlim maliyyələşdirilməsinə həsr olunub və bunun asan mövzu olmadığını bilirəm. Bu səbəbdən Pre-COP29 çərçivəsində müxtəlif tərəflər arasında dialoqa başlamaq son dərəcə vacibdir”, - o bildirib.

Onun sözlərinə görə, Pre-COP29 bütün tərəflərə münasibətləri qoruyub saxlamağa, ortaq zəmin tapmağa və qarşıdan gələn COP29-a hazırlaşmağa kömək edir.

Françesko Karvaro həmçinin vurğulayıb ki, Azərbaycan və İtaliya enerji sektorunda birgə çalışaraq bu sahənin təsirini azaltmaq, həmçinin yeni texnologiyalar və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün birgə səylər göstərirlər.

“Bu, həqiqətən də bizim şirkətlərimiz üçün və Azərbaycanın şirkətləri üçün beynəlxalq əməkdaşlıq sistemini genişləndirmək və yenilərini yaratmaq üçün gözəl bir fürsətdir”, - Françesko Karvaro əlavə edib.

 

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans, yəni Pre-COP29 başlayıb.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.