Hazırda Azərbaycanın 70-dən çox dövlət qurumu və 100-dən çox informasiya sistemi “Rəqəmsal körpü” sisteminə inteqrasiya olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “INMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı bildirib.
“Rəqəmsal hökumətin digər mühüm komponenti dövlət qurumları arasında məlumat mübadiləsini yaxşılaşdıran “Rəqəmsal körpü” layihəsidir. Bu gün 70-dən çox dövlət qurumu və 100-dən çox informasiya sistemi bu sistemə inteqrasiya olunub ki, bu da 1 milyarddan çox tranzaksiya həyata keçirməyə imkan verir”, - deyə o bildirib.
Nazir müavini vurğulayıb ki, rəqəmsal sənəd dövriyyəsi Azərbaycanda sənədsiz idarəetməyə doğru daha bir addımdır.