Bakı. Trend:
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda 250-dən çox fabrikdə yüzlərlə növ məhsulun istehsalı təşkil olunub və 60 ölkəyə ixracı təmin edilib.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda deyib.
"Bu gün Azərbaycan iqtisadiyyatı sənayenin bütün sahələrində sürətlə inkişaf edir. Azərbaycanın məhsul istehsalçıları dünyanın bir çox ölkəsində tanınır. Həmçinin qeyd etmək lazımdır ki, ölkədə dövlət müəssisələrinin özəlləşdirilməsinə və dövlət-özəl tərəfdaşlığının inkişafına böyük diqqət yetirilir", - o deyib.
İşğaldan azad olunmuş ərazilərdən danışan M.Cabbarov həm yerli, həm də xarici investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.
"Azərbaycan ərazilərinin erməni işğalından azad olunması ilə gələcək sahibkarlar və investorlar üçün həvəsləndirici biznes qurma və kapitalqoyma mexanizmlərinin işlənib hazırlanmasına başlamışıq. Hazırda bu hüquqi aktlar qüvvəyə minib və sahibkarları bu ərazilərdə yenidənqurma və tikinti işlərinə vəsait və resurslar ayırmağa, həmçinin sahibkarlıq fəaliyyəti aparmağa təşviq edir", - deyə o əlavə edib.