Hakimiyyətim dövründən Azərbaycanla dostluq əlaqələrim olub - Latviyanın sabiq prezidenti (ÖZƏL)

Mənim bu regionla, xüsusən də Azərbaycanla hələ Sovet dövründən mehriban dostluq əlaqələrim mövcuddur. Bu regionda qohumlarım var. Hazırda Azərbaycanda olmaqdan çox məmnunam.

Bu sözləri Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Latviyanın sabiq prezidenti Andris Berzins deyib.

O, hələ hakimiyyətdə olduğu dövrlərdən bu regionla yaxşı əlaqələrinin olduğunu diqqətə çatdırıb:

"Mənim hakimiyyətim dövründə də bu regionla, xüsusən də Azərbaycanla yaxşı əlaqələrimiz var idi. Prezident olduğum zamanlarda bu kimi praktik tədbirlərin çoxunu təşkil etməyə çalışırdım və yenidən hazırda belə tədbirlərdən birinin iştirakçısıyam. Bəlkə də, yeni nəsil burada nə baş verdiyinin fərqində deyil. Amma bu gün burada qlobal əhəmiyyətli məsələlər müzakirə olunur".

Azərbaycanın bərpa olunan enerji mənbələri istehsalında çox fəallıq nümayiş etdirdiyini vurğulayan sabiq prezident Azərbaycanla neytrino enerji sahəsinin inkişafında maraqlı olduqlarını bildirib:

"Bu sahədə çox fəal olanlar üçün, bu sahədə inkişafı görməkdən məmnun olaram. Hansı ki, bəlkə də, bu, 10 və ya 20 ildən sonra əsas enerji mənbələrindən biri olacaq. Hazırda Avropada və digər inkişaf etmiş ölkələrdə neytrino enerjinin inkişafı üçün daha çox imkanlar vardır".

Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində "Dünya nizamının yenidən dəyərləndirilməsi: çağırışların imkanlara çevrilməsi" şüarı altında keçirilir.

Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.

Tədbir çərçivəsində geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər əsas qlobal məsələlər müzakirə olunacaq.