DOST konsepsiyası ölkəmizdə sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılması, həmçinin vətəndaş məmnunluğunun artırılması istiqamətindəki islahatların önəmli tərkib hissəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin missiyası həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Həmin missiya innovativ həllərin tətbiqi ilə həyata keçirilir. Məqsədimiz sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açmaq, şəffaflıq və operativliyi təmin etmək, hər kəsə dost məramı ilə yanaşmaqdır.
Bunu AZƏRTAC-a müsahibəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib. F.Məmmədov müsahibə zamanı bir sıra məsələlərlə bağlı sualları cavablandırıb.
- Fərid müəllim, əvvəlcə istərdik ki, DOST Agentliyinin fəaliyyəti və vətəndaşlara göstərilən xidmətlər barədə məlumat verəsiniz...
- DOST Agentliyi Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla yaradılıb. Ölkəmizdə ilk DOST mərkəzi isə 2019-cu il mayın 9-da açılıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan DOST layihəsi əhaliyə göstərilən sosial xidmətin ən müasir və yeni modeli kimi böyük uğurla tətbiq olunur. DOST Agentliyi bu illər ərzində ölkə əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə DOST mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin edib. Fəaliyyəti dövründə mərkəzlərimizdə 3,3 milyondan çox vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faizdir. Ötən 6 ilə yaxın müddətdə DOST mərkəzlərində göstərilən 156 xidmətdən 147-si və ya 94 faizdən çoxu tam elektronlaşdırılıb. Bundan başqa, DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti 2025-ci ildə 2 dəqiqə 44 saniyə təşkil edib. 2024-cü ilin analoji dövründə isə bu müddət 2 dəqiqə 54 saniyə olub.
- Yaxın vaxtlarda hansı bölgələrdə yeni DOST mərkəzləri açılacaq?
- Hazırda ölkə üzrə 5-i Bakıda, 1-i Abşeronda, 1-i Bərdədə olmaqla, 7 DOST mərkəzi əhaliyə xidmət edir. Həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyət göstərir. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə, 17 yeni regional DOST mərkəzi və ətraf rayonlar üzrə onların 55 filialı yaradılacaq və bütün ölkə DOST xidmətləri ilə əhatə olunacaq.
- DOST Agentliyi fəaliyyət müddətində hansı beynəlxalq mükafatlar qazanıb?
- DOST Agentliyi öz fəaliyyətini Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) standartlarına uyğun tətbiq edilən “İnteqrəedilmiş menecment sistemi” əsasında qurur. Agentlik Böyük Britaniyanın LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən Keyfiyyət İdarəetmə Sistemi, Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin İdarəedilməsi, Rüşvət əleyhinə idarəetmə sistemi və s. istiqamətlər üzrə ISO sertifikatlarına layiq görülüb.
DOST Agentliyi fəaliyyət göstərdiyi dövr ərzində 60-dan çox beynəlxalq mükafat və sertifikata layiq görülüb. Agentlik ötən ilin noyabrında növbəti dəfə Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı – 2024” müsabiqəsində qalib gəlib. Həmin mükafat "Rəqəmsal transformasiya" kateqoriyasında əlilliyi olan şəxslər və digər risk qrupu nümayəndələri üçün veb-əlçatanlığın təmin olunmasına görə bizə verilib. Bundan başqa, DOST Agentliyi "DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi" və "DOST Agentliyi: ləyaqət və bərabər hüquqlar naminə" fəaliyyəti ilə "Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022" müsabiqəsinin qalibi olub.
- Hazırda hansı ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərir?
- Yaxşı və nümunəvi xidmət həmişə maraq doğurur. İldən-ilə xidmət keyfiyyətini yüksəldən DOST Agentliyi Azərbaycanın brendi kimi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Artıq bir neçə ölkə DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə başlayıb. Hazırda DOST təcrübəsi Özbəkistanda tətbiq edilir və artıq həmin ölkədə ilk mərkəzlər fəaliyyətə başlayıb. Bundan başqa, Moldovada pilot qaydada iş başlayıb. Serbiyada və Rumıniyada isə DOST mexanizmi əsasında elektronlaşma dəstəyi göstərilir. Bu isə o deməkdir ki, Azərbaycan sosial sahədə xidmətlərin göstərilməsi istiqamətində artıq qabaqcıl ölkələrlə eyni sıradadır və onlara öz təcrübəsini göstərir.
DOST Agentliyi Birləşmiş Millətlər Təşkilatı, Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Sosial Təminat Assosiasiyası kimi mötəbər beynəlxalq qurumlarla, eyni zamanda yerli təşkilatlar, ali təhsil müəssisələri və dövlət qurumları ilə fəal əməkdaşlıq edir.
- Müxtəlif istiqamətlərdəki fəaliyyətlərin koordinasiya edilməsi məqsədilə yeni mərkəzlər yaradılıb...
- Elədir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi bu məqsədlə yaradılıb. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il oktyabrın 22-də açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslərin, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, onların uşaqlarının, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir. Mərkəz 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir. Burada 14 fəaliyyət istiqaməti (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s.) üzrə təlimlər təşkil edilir.
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ölkəmizdə sosial sahədə rəqəmsal xidmətlərin daha çevik və əlçatan şəkildə təqdim olunmasına mühüm töhfə vermək məqsədini daşıyır. DOST RİM-in fəaliyyətinin əsas istiqamətləri informasiya-kommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi və layihələrin idarəedilməsi sahələrində innovativ həllərin tətbiqi və davamlı inkişafdır. Mərkəz bu sahələrdə ƏƏSMN və onun tabeliyindəki qurumların fəaliyyətini dəstəkləyərək, rəqəmsal idarəetmənin keyfiyyətini artırmaq və vətəndaşlara göstərilən xidmətlərin şəffaflığını təmin etmək üçün çalışır.
DOST RİM-in rəqəmsal xidmətləri həm dövlət sektorunda, həm də özəl sahədə proseslərin avtomatlaşdırılması və e-həllərin tətbiqində nümunəvi rol oynayır. Elektron xidmətlərin genişləndirilməsi, sənədlərin rəqəmsallaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin optimallaşdırılması istiqamətində həyata keçirilən layihələr sayəsində mərkəz, ölkədə rəqəmsal transformasiya prosesinin əsas aparıcı qüvvələrindən birinə çevrilib.
- Xidmətin şəffaflığı üçün hansı kommunikasiya vasitələrindən istifadə olunur?
- Əhali arasında məlumatlılığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin detallı izahı və yeniliklərin geniş ictimaiyyətə çatdırılması üçün effektiv kommunikasiya vasitələrinə ehtiyac var. Ötən ilin aprel ayından fəaliyyət göstərən DOST TV-nin məqsədi insanlara əmək, məşğulluq, sosial müdafiə, sosial təminat və digər bu kimi sahələrdə mövcud vəziyyət, imkanlar və yeniliklər haqqında operativ və dəqiq məlumat verməkdir. ƏƏSMN-in internet resursu olan DOST TV izləyiciləri ilə birbaşa təmasda, canlı yayım rejimində çalışır. Bu resurs vasitəsilə vətəndaşların suallarına cavab verilir, onların ehtiyac və problemləri daha dərindən öyrənilir. DOST TV, həmçinin ictimaiyyəti maarifləndirərək sosial xidmətlərə əlçatanlığı artırır və təşkilatla vətəndaşlar arasında daha şəffaf ünsiyyət qurulmasına imkan yaradacaq.
Profilinə uyğun informativ xarakterli verilişləri yayımlamaqla yanaşı, sosial şəbəkə istifadəçilərinin sosial məsələlərlə bağlı sualları da nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılır. Digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən DOST TV həmin qurumların, QHT nümayəndələrinin, ekspertlərin iştirakı ilə sosial mövzularda təhlil və diskussiyalara, müzakirələrə də daim açıqdır. Rəqəmsal dövrün çağırışlarına cavab olaraq yaradılan bu televiziya kanalı sosial rifahın yüksəldilməsinə, vətəndaşların hüquqlarının və imkanlarının daha geniş şəkildə tanıdılmasına xidmət edir.
“DOST” Çağrı Mərkəzi 142 DOST Agentliyinin fəaliyyət istiqamətlərinə müvafiq olaraq məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə ƏƏSMN-in fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə çağrı mərkəzi fəaliyyətini həyata keçirir.
Daxil olan hər bir müraciətin edildiyi telefon nömrəsi, müraciətin cavablandırılması prosesi avtomatik qeydə alınır. Bununla da, müvafiq hallarda bu və ya digər şəxsin müraciətinin qanunvericiliyin tələblərinə uyğun səviyyədə cavablandırılmasının bir daha nəzərdən keçirilməsinə, habelə lazımi hallarda əks əlaqə yaradılmasına imkan yaranır. Zəng daxil olduğu və konkret məsələ ilə bağlı müvafiq rəqəm yığıldığı, lakin müraciət edilmədiyi hallarda da əks əlaqə yaradılaraq hər hansı müraciətin olub-olmadığı araşdırılır. Fəaliyyət müddəti ərzində “DOST” Çağrı Mərkəzi 142 üzrə 7 milyona yaxın zəng cavablandırılıb və məmnunluq səviyyəsi 93 faizdən çoxdur.
- Fərid müəllim, DOST mərkəzlərində könüllülərə çox rast gəlirik. Agentlikdə könüllülülər əsasən hansı istiqamətlərdə fəaliyyət göstərir?
- DOST mərkəzlərinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var. Bu fəaliyyət sayəsində gənclər həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.
Agentlikdə könüllülük fəaliyyəti 7 istiqamətdə təşkil edilib. Bunlar "Gənc DOST", "Gümüşü DOST", "İnklüziv DOST", "Distant DOST" və bu yaxınlarda təqdimatlarını etdiyimiz “DigiDOST” və “TeleDOST” layihələridir. "Gənc DOST" altproqramında 16-29 yaşlı gənclər iştirak edə bilərlər. Könüllülük fəaliyyətinin müddəti 2 aydır və iş prosesi gündəlik olaraq 3 növbədə təşkil olunur. "Gənc DOST" altproqramı könüllülər üçün sosial əhəmiyyətli fəaliyyətdə rola malik olma, işgüzar vərdişlər əldə etmə, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar, əlaqələr və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır. "Gümüşü DOST" altproqramı yaşı 55-dən yuxarı olan şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. “İnklüziv DOST” altproqramı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə müraciət edən benefisiarlara xidmət göstərərək təcrübə qazanması, fərdi inkişafı və karyerada ilk uğurlu addımlarının atılması məqsədi daşıyır. Evdə və yaxud istənilən başqa məkanda olaraq da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkündür. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edir. “Distant DOST” müəyyən sahələrdə hazırlanan mikrolayihələr üzrə verilən tapşırıqların onlayn qaydada könüllülər tərəfindən yerinə yetirilməsi məqsədi daşıyan altproqramdır. Həmin proqram əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından da uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır. “Korporativ DOST” altproqramında isə əsas hədəf qrupuna ictimai-sosial məsuliyyətlilik çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olan özəl, ictimai, dövlət və digər təşkilatlar daxildir. “DigiDOST” altproqramının iştirakçıları DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyət sahələrinə uyğun sorğuların cavablandırılması, məlumat bazaları ilə iş, proseslərin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması və s. istiqamətlərdə fəaliyyət göstərəcək. “TeleDOST” altproqramı çərçivəsində isə DOST TV-də xəbər xülasələrinin hazırlanması, müxtəlif veriliş və layihələrin təşkili, vətəndaş müraciətlərinin araşdırılması və s. istiqamətlər üzrə könüllülərin cəlb edilməsi nəzərdə tutulur. Həmin altproqramları özündə cəmləşdirən "Könüllü DOST" proqramının məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksəkkeyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir. Könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir.
- Gələcəkdə hansı yeni layihə və proqramlar həyata keçirmək nəzərdə tutulub?
- İlk növbədə “DOST” xidmətlərinin rəqəmsallaşdırılması, eləcə də ölkənin digər rayonlarında “DOST” mərkəz və filial şəbəkəsinin qurulması prosesi davam etdiriləcək. “DOST” xidmətlərinin optimallaşdırılması və inkişaf etdirilməsi, mövcud xidmətlərin təkmilləşdirilməsi və yeni xidmətlərin əhatə edilməsi, sosial əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi, habelə “DOST” konsepsiyasının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətin davam etdirilməsi kimi məsələlər Agentliyin strateji prioritetlərini təşkil edəcək.