İslam İnkişaf Bankı inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün qlobal iqlim maliyyələşməsində əhəmiyətli artımlara çağırır.
Bunu İslam İnkişaf Bankı Qrupunun (IsDB) sədri Məhəmməd Süleyman Əl-Cəssir Trend-ə özəl müsahibəsində bildirib.
2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un nəticələrindən danışan sədr İslam İnkişaf Bankının bu tədbirdəki iştirakının əhəmiyyətli və faydalı olduğunu vurğulayıb.
“Bizim iştirakımız bir sıra sessiyalara və yüksək səviyyəli görüşlərə aktiv şəkildə qoşulmaqla yadda qaldı. Ötən bir neçə ildə olduğu kimi, İsDB Qrupun pavilyonunun qurulması, həmçinin, bizim MDB pavilyonunda birgə iştirakımız, Qrupun geniş iqlim təşəbbüslərini və strateji planlarını nümayiş etdirmək üçün bir platforma kimi xidmət göstərdi. Bu səylər iqlim dəyişikliyi ilə mübarizəyə olan sarsılmaz öhdəliyimizi, yenidən istiqamətləndirilmiş strateji yönümüzlə uyğunluğumuzu və BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə dayanıqlı inkişafa nail olmağa bağlılığımızı vurğulayır.
COP29-un diqqət çəkmək istədiyim əsas nəticələrindən biri iqlim maliyyələşmənin kritik vacibliyidir. Bu ələlxüsus İslam İnkişaf Bankı Qrupunun iştirakçı ölkələr üçün maliyyə imkanlarının artırılması məqsədinə uyğun gələn “Bakı Maliyyə Məqsədi” təşəbbüsü sayəsində xüsusi nəzərə çarpır. Bu məqsəd Azərbaycanın sədrliyi altında keçən COP prosesi çərçivəsində əlavə dəstək qazanıb.
COP29 sədrliyi Bakı Maliyyə Məqsədi vasitəsilə bütün maraqlanan tərəfləri inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyəsinin ehtiyaclarına illik 1.3 trilyon dollar vəsaitin ayrılması üzərində işləməyə çağırıb. Daha dəqiq desək, BFG inkişaf etməkdə olan ölkələrə dəstək üçün inkişaf etmiş ölkələri 2035-ci ilə kimi hər il azı 300 milyard dolların vəsaitin mobilizasiyasına yönləndirir; əsas diqqət daha az inkişaf etmiş ölkələrə və kiçik ada tipli inkişaf eməkdə olan dövlətlərə ayrılır”, - deyə Əl Cəssir bildirib.
İslam İnkişaf Bankı Qrupunun sədri qeyd edib ki, inkişaf etmiş ölkələrin hər il 300 milyard dollar səfərbər etmək öhdəliyi irəliyə doğru atılmış vacib addım olsa da, hələ ki inkişaf etmiş ölkələrin səsləndirdiyi maliyyə ehtiyaclarına və gözləntilərinə əhəmiyyətli dərəcədə uyğun gəlmir.
"2030-cu ilə qədər 5.1-dən 6,8 trilyon ABŞ dollarına qədər məbləğdə olması nəzərdə tutulan Milli səviyyədə Müəyyən Edilmiş Töhfələrlə (NDC) bağlı olan qiymətləndirilmiş tələblərdən göründüyü kimi, iqlim problemlərinin miqyası maliyyələşməyə daha təşəbbüskar yanaşmanın vacibliyini vurğulayır. Buna görə də biz maraqlı tərəfləri mövcud boşluqları aradan qaldırmaq və inkişaf etməkdə olan ölkələrin təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün qlobal iqlim təşəbbüslərinin maliyyələşmə həcmlərini əhəmiyyətli dərəcədə artırmağa can atmağa səsləyirik", - deyə Əl Cəssir əlavə edib.
Əl-Cəssirin sözlərinə görə, iqlim dəyişikliyinin adaptasiyasına qoyulan investisiyaların artırılmasına və dayanıqlılığın yüksəldilməsinə olan zərurət bu sahələrə yönəlmiş iqlim maliyyələşdirmə öhdəliklərinin əhəmiyyətli bir hissəsini əks etdirir.
“Arayış üçün deyim ki, COP27-in keçirildiyi andan etibarən İslam İnkişaf Bankı Qrupu kritiki vacib iqlim layihələrinə 5,5 milyarda dollardan çox vəsaitin ayrılmasını təsdiqləyib; həmin vəsaitin 47 faizi iqlim dəyişikliklərinə adaptasiyaya ayrılıb.
Bizim Paris sazişinə sadiqliyimizin əksəriyyəti Qlobal Cənubu təmsil edən üzv ölkələrin ədalətli və bərabərhüquqlu keçidinin təmin olunmasına fokuslanmış fəaliyyətimizin və strateji hədəflərimizdə özünü büruzə verir. Bununla əlaqədar İslam İnkişaf Bankı Qrupu COP29 sədrliyinin on dörd təşəbbüsündən yeddisini dəstəkləyib, o cümlədən, Azərbaycanın aşağıdakı məsələlərlə bağlı bəyannamələrini təsdiq edib: COP29-da atəşkəs çağırışı, qlobal enerji saxlama və şəbəkələr üzrə öhdəliklər, COP29-un "yaşıl" rəqəmsal təşəbbüslər barədə bəyannaməsi, COP29-un dayanıqlı və sağlam şəhərlər üçün çoxsektorlu hərəkətləri barədə bəyannaməsi və iqlim təşəbbüsləri üçün COP29-un su ilə bağlı bəyannaməsi.
İqlim problemlərinin həlli üçün birgə yanaşmaların və tərəfdaşlığın zəruriliyi Azərbaycanın və iqlim dəyişikliyindən ciddi zərər çəkmiş digər üzv ölkələrin dəstəklənməsi məqsədilə tərəfdaşlar və çoxtərəfli inkişaf bankları ilə yüksək səviyyəli dialoqlarda və paralel tədbirlərdə iştirakımızda öz əksini tapır, o cümlədən, 2030-cu ilə qədər aşağı və orta gəlirli ölkələr üçün iqlim maliyyəsi üzrə 120 milyard ABŞ dolları ayıran çoxtərəfli inkişaf bankları ilə birgə elan etdiyimiz bəyanatımızda bu, yer alır", — deyə o qeyd edib.
COP29-da imzalanmış sazişlər
Əl-Cəssir əlavə edib ki, “Qız Qalası" su anbarından magistral suvarma kanalının inşası” layihəsi üzrə agent sazişi, “Azərbaycan Respublikası hökuməti və İslam İnkişaf Bankı arasında "Qız Qalası" su anbarından magistral suvarma kanalının inşası" layihəsi üzrə texniki yardım (qrantın) layihəsi üzrə Çərçivə Sazişi birgə hədəflərin tərəqqisində və iqlim dəyişikliyinə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir.
“Konkret olaraq "Qız Qalası" su anbarından magistral suvarm kanalının inşası layihəsi regionda su resurslarının idarə olunmasının yaxşılaşdırılması və kənd təsərrüfatı məhsuldarlığının artırılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması və kənd təsərrüfatının dayanıqlı ikişafı məqsədlərinə uyğun gəlir ki, bu da öz növbəsində iqlim dəyişikliklərinə adaptasiyanın vacib aspektlərindən hesab olunur.
Həmçinin, qrantın ayrılması ilə bağlı Saziş bizim bilgi mübadiləsi və potensial artımı öhdəliklərimizə olan sadiqliyimmizi vurğulayır. Biz üzv-ölkələrimiz arasında texniki əməkdaşlığa vasitəçilik etməklə iqlim dəyişikliklərinə adaptasiya və dayanıqlı inkişafa nail olmaq üçün ən yaxşı praktikaları və innovativ həlləri mübadilə edə bilərik”, - deyə o bildirib.
İslam İnkişaf Bankının iqlim maliyyəsinin artırılması üzrə öhdəlikləri
İslam İnkişaf Bankı Qrupunun sədri bildirib ki, COP29-da çoxtərəfli inkişaf etmiş bankları (MDB ) iqlim dəyişikliyi ilə mübarizəyə 2030-cu ilə qədər illik olaraq 170 milyard dollar məbləğində yatırımların qoyulmasına dair proqnozlarını elan ediblər. Onun 120 milyardı aşağı və orta gəlirli ölkələrə ayrılacaq.
“COP29-da qəbul olunmuş birgə bəyanat çərçivəsində, İslam İnkişaf Bankı ambisiyalı iqlim nəticələrini dəstəkləmək məqsədilə bir sıra konkret tədbirlərin görülməsini öhdəsinə götürüb. İslam İnkişaf Bankı olaraq biz qarşımıza ümumi maliyyəmizin 35 faizini 2025-ci ilə nəzərdə tutulan iqlim layihələrinə ayırmaq kimi ambisiyalı məqsəd qoymuşuq.
Həmin vəsaitin əhəmiyyətli hissəsi adaptasiyaya və dayanıqlılığa yönləndiriləcək. 2023-cü ildə Bankın təsdiqlədiyi layihələrin ümumi vəsaitinin 46 faizi məhz iqlim təşəbbüslərinə yönəlmişdi, bu isə öz növbəsində bizim aşağı karbonlu və iqlimlə bağlı dayanıqlı layihələrə sadiqliyimizi nümayiş etdirir. Biz suveren əməliyyatlarımızı Paris sazişinin hədəfləri ilə tam əlaqələndirmişik və bu zaman bizim maliyyə axınlarımızın aşağıkarbonlu və klimatik dayanıqlı inkişaf yolunu dəstəkləməsini təmin etmişik”, - deyə Əl-Cəssir bildirib.
İqlim dəyişikliyinə qarşı mübarizədə İslam bankçılığı prinsiplərindən istifadə
Əl-Cəssir qeyd edib ki, İslam maliyyəşməsi iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafa dəstəkdə həlledici rol oynayır.
“Buna maliyyə əməliyyatlarının borc verən və borcalan arasında risklərin ortaq məsuliyyətini nəzərdə tutan risklərin bölgüsü mexanizmi vasitəsilə nail olunur. Bundan savayı, islam maliyyəsi nə ayrı-ayrı fərdlərə, nə də bütövlükdə cəmiyyətə hər hansı zərər vurmayan halal fəaliyyətlərin dəstəkləməsinə yönəlik etik investisiyalara xüsusi diqqət ayırır. Həmçinin, vacib aspektlərdən biri də sosial rifahın yaxşılaşmasına və iqtisadi ədalətə yönəlmiş sosial ədalət prinsipidir ki, bu da öz növbəsində yoxsulluğun və sosial bərabərsizliyin ixtisarına xidmət edir”, - deyə o vurğulayıb.