Bir neçə ölkənin ərazisindən və müxtəlif coğrafi məkanlardan keçən Trans-Adriatik Boru Kəməri (TAP) ətraf mühitə zərərin minimallaşdırılmasına, ekosistemlərin qorunmasına və yerli icmaların dəstəklənməsinə möhkəm sadiqlik nümayiş etdirir.
Bunu TAP-ın icraçı direktoru Luka Skiepatti Trend-ə özəl müsahibəsində bildirib.
“Biz davamlı monitorinqi, qiymətləndirməni və idarəetməni təmin etməklə ətraf mühitin, sosial və mədəni irsin qorunması üzrə ciddi standartlara (ESCH) riayət etmiş oluruq. Biz layihənin bütün mərhələlərində – planlaşdırmadan və layihələndirmədən tutmuş tikintiyə qədər – fəaliyyətimizi istiqamətləndirmək, riskləri minimallaşdırmaq və ESCH idarəetmə sistemində risklərin qarşısının alınması, nəticələrin yüngülləşdirilməsi və dayanıqlılıq prinsiplərini tətbiq etmək üçün həssas ekoloji və sosial aspektlər barədə geniş məlumatlar toplamışıq.
ESCH həssas zonalara təsirlərdən maksimum dərəcədə qaçınmaq məqsədilə boru kəmərinin marşrutu və yerüstü obyektlərin mövqeyi xüsusi diqqətlə seçilib. Bizim bütün obyektlər iştirakçı ölkələrin milli standartlarına, ətraf mühit və sosial sahəyə təsirin qiymətləndirilməsi sənədinə, Aİ direktivlərinə, kreditorların tələblərinə və TAP-ın öz idarəetmə sisteminin tələblərinə cavab verir”, - deyə Skiepatti qeyd edib.
İcraçı direktor vurğulayıb ki, TAP ISO 9001, ISO 14001, ISO 45001 beynəlxalq standartları, həmçinin, İtaliyada ekoloji menecment və audit Sxemi üzrə sertifikasiyalaşdırılmış, inteqrasiya olunmuş QHSE (keyfiyyət, sağlamlığın qorunması, təhlükəsizlik və ətraf mühit) idaretmə sistemini tətbiq edib.
“Bu sertifikatlar gördüyümüz işin keyfiyyət, sağlamlığın qorunması, təhlükəsizlik, ekolologiya, həmçinin, sosial və mədəni irs kimi sahələrə aid yüksək standartlara uyğunluğunu təsdiq edir. Bizim idarəetmə sisteminə planlaşdırılan və görülən bütün işlərin TAP standartlarına cavab verməsinə zəmanət verən ESCH uyğunluq və təminat strukturu daxildir.
Söhbət karbon tullantılarının idarə olunmasından, tullantılara nəzarətdən, çirklənmənin qarşısının alınması və atmosfer tullantılarının monitorinqindən gedir. Biz məhsuldarlığın effektiv idarə olunması və ətraf mühitə təsirin minimallaşdırılması üçün müxtəlif alətlər və proseslər tətbiq edirik.
TAP boru kəməri və yerüstü qurğular (AGI) üçün ekosistemlərə mənfi təsirin qarşısını almaq məqsədilə etibarlı biomüxtəliflik idarəetmə strukturu hazırlayıb və tətbiq edib. Bu struktur biomüxtəlifliyin həssas elementlərini müəyyən edir və onların qorunması və monitorinqi üçün yumşalma iyerarxiyasına əsaslanmaqla konkret tədbirlər müəyyənləşdirir. ESIA hazırlığı çərçivəsində TAP üç ev sahibliyi edən ölkədə beynəlxalq və yerli ekspertlərlə sıx əməkdaşlıq edərək, ətraf mühit və sosial sahədə ətraflı tədqiqatlar aparıb", – deyə icraçı direktor qeyd edib.
O vurğulayıb ki, bərpaedici işlərin yekunlaşmasından sonra TAP və onun biomüxtəliflik üzrə mütəxəssisləri əsas yaşayış mühitlərinə olan potensial qalıcı təsirləri və biomüxtəlifliyin prioritet elementlərini mütəmadi olaraq qiymətləndirməyə davam edir.
"Biz müəyyən fauna növlərinin həyat dövrələrinə təsirləri minimallaşdırmaq, təbii yaşayış məskənləri hüdudlarında iş zonalarını azaltmaq, həmçinin, mənfi təsirlərdən qaçınmaq üçün həssas bitkilərin köçürülməsi və monitorinqini həyata keçirmək məqsədilə ekoloji təsirin azaldılmasına yönəlmiş ölçülər, o cümlədən, işlərin aparılmasına mövsümi məhdudiyyətlər tətbiq etmişik. Məsələn, TAP İtaliyanın San-Foka rayonunda sahilyanı sularda azı 50 metr dərinlikdə ekoloji-təhlükəsiz konstruksiyalar quraşdırıb. Dəniz dibinin öyrənilməsi əsasında təsbit olunmuş bu ölçülər dəniz florası və faunasını qoruyur, dənizin biomüxtəlifliyinin bərpasına şərait yaradır və balıq populyasiyaları üçün təhlükəsiz zonalar yaradır.
Biz, həmçinin, yerli icmalara dəstək göstərməkdəyik. Sosial və ekoloji investisiyaları proqramı (SEI) çərçivəsində TAP Yunanıstandakı layihələrə 32 milyon avro, Albaniyaya 14 milyon avro və İtaliyaya 12 milyon avro yatırıb. Bu vasitələr cəmiyyətə hiss oluna biləcək 300-dən artıq təşəbbüsü həyata keçirməyə imkan verib” , - deyə Luka Skiepatti bildirib.