Dünya Bankı TBNM-in inkişafını Mərkəzi Asiyanın əlaqəliliyinin artırılmasında mühüm istiqamətlərdən biri hesab edir (ÖZƏL)

Dünya Bankı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, yaxud Orta Dəhliz) inkişafını Mərkəzi Asiyanın əlaqəliliyinin artırılması istiqamətində ən vacib prioritetlərdən biri hesab edir.

Bu barədə Trend-ə Dünya Bankının Mərkəzi Asiya üzrə regional nümayəndəliyinin regional layihələr üzrə koordinatoru Dmitri Petrin Almatıda keçirilən Avrasiya İnkişaf Bankının (AİB) sessiyasından sonra məlumat verib.

"Dünya Bankı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını Mərkəzi Asiya və digər regionların əlaqəliliyinin artırılması baxımından ən vacib və prioritet istiqamətlərdən biri hesab edir. Biz bu marşrutun iqtisadi potensialı ilə bağlı tədqiqat apardıq və 2025-ci ildə bu potensialın və ticarət həcminin daha ətraflı və geniş iqtisadi analizini həyata keçirməyi planlaşdırırıq.

Şübhəsiz ki, əgər region ölkələri belə bir qərar qəbul edərsə, biz bu fəaliyyətin digər beynəlxalq təşkilatlarla birlikdə dəstəklənməsinə hazırıq", - deyə D.Petrin bildirib.

Onun sözlərinə görə, aparılan tədqiqat göstərir ki, TBNM-in səmərəliliyi və iqtisadi cəhətdən cəlbediciliyi əhəmiyyətli dərəcədə artır, əgər bu marşrut yalnız Çin ilə Avropa arasında tranzit yol kimi deyil, həm də geniş mənada Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığı gücləndirmək vasitəsi kimi nəzərdən keçirilərsə, ilk növbədə, bu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu, Türkiyə və Mərkəzi Asiya, həmçinin, Mərkəzi Asiyanın öz daxilində əməkdaşlığın inkişafına xidmət edə bilər.

"Bizim baxışımıza görə, bu marşrut tranzit kimi deyil, inteqrasiya layihəsi kimi dəyərləndirilməlidir. Bu mənada, bizim fikrimizcə, Mərkəzi Asiya ölkələrinin koordinasiyası prinsipial əhəmiyyət kəsb edir. Belə ki, birlikdə və qarşılıqlı şəkildə hazırda müzakirə olunan nəqliyyat arteriyalarının ən iqtisadi cəhətdən sərfəli və əsaslandırılmış marşrutlarını müəyyən etmək lazımdır ki, onlar bir-biri ilə rəqabət aparmasın, əksinə, bir-birini tamamlasın", - deyə D.Petrin bildirib.