COP29 çərçivəsində Bakıda mühüm irəliləyiş əldə olunub, bu tempi qorumaq vacibdir.
Bunu Trend-ə özəl müsahibəsində Palau Respublikasının Prezidenti Surangel Samuel Uipps bildirib.
"Əvvəlcə Azərbaycanı COP29-un uğurla təşkil olunması münasibətilə təbrik edirəm. Bu sammit bütün dünya üçün bir araya gəlmək imkanı oldu. COP29 maliyyə konfransı kimi yadda qaldı, çünki bu tədbir real fəaliyyətlər üçün maliyyə vəsaitlərinin toplanmasına həsr edilmişdi. Əlbəttə, biz anlayırıq ki, 300 milyard dollar kifayət etmir. Amma qeyd etmək vacibdir ki, ilk 100 milyard dolların cəlb edilməsi çox vaxt apardı.
İndi isə bizdə bu məbləği üç dəfə artıraraq, 300 milyard dollara çatdırmaq öhdəlikləri var. Lakin bizim əsas məqsədimiz 1,3 trilyon dollardır. Bu həcm, həqiqətən də, lazımdır ki, temperaturun 1,5°C-dən artmasının qarşısı alınsın və sular altında qalan adalar qorunsun. Biz bu hədəfləri reallığa çevirmək üçün birləşməliyik", - deyə o vurğulayıb.
Prezident S.Uipps vurğulayıb ki, qarşıda uzun bir yol var və bu, xeyriyyə təşkilatlarının, inkişaf etmiş ölkələrin, böyük biznes nümayəndələrinin, ən iri emissiyaçıların və çoxtərəfli inkişaf banklarının birgə səylərini tələb edəcək ki, "ambisiyalarımızı artıraraq, yekun məqsədimiz olan 1,3 trilyon dollara çatmağı təmin edək".
"Biz çox minnətdarıq ki, İtki və zərər Fondu tam fəaliyyətə başlayıb və maliyyə axınlarının tezliklə daxil olmasını gözləyirik, çünki məhz bu, bizə lazım olan əsas vasitədir. Kiçik ada dövlətlərinin üzləşdiyi əsas problemlərdən biri bu vəsaitlərə çıxış əldə etməkdir. Bir çox öhdəliklər götürülməsinə baxmayaraq, vəsaitlər tez-tez inkişaf etmiş ölkələrə yönəldilir və ya kiçik adalara çatmır. Bizim üçün beynəlxalq ictimaiyyətin bizim həssaslığımızı və unikal şəraitimizi başa düşməsi son dərəcə vacibdir. Bu, bizə hamımızın üzləşdiyi nəticələrin aradan qaldırılmasında daha fəal iştirak etməyə imkan verəcək", - deyə Palau Prezidenti qeyd edib.
Karbon bazarları haqqında danışan Prezident S.Uipps qeyd edib ki, COP29 çərçivəsində 6-cı Maddənin tam tətbiqi üçün əsas baza qoyulub.
"Tərəflərin hamısının reyestr sistemlərinə çıxış məsələsində razılığa gəlməsi mühüm addım oldu. Lakin bizim üçün bu, hələ də məhdud imkanlarımız səbəbindən bir çağırış olaraq qalır və vəziyyəti yaxşılaşdırmaq üçün bu istiqamətdə işi davam etdirməliyik. Ümumilikdə, COP-un məqsədi beynəlxalq ictimaiyyətin səylərini birləşdirərək, irəliləyişə nail olmaq və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və onlara uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etməkdir", - deyə o vurğulayıb.
"Bakı sıçrayışı"
"Ən vacibi odur ki, biz irəliləyiş əldə etdik. Mən COP29 sədrliyini maliyyə konfransını uğurla təşkil etdiyi və əhəmiyyətli maliyyə vəsaitləri cəlb etdiyi üçün təbrik etmək istəyirəm. İndi diqqətimizi iqlim maliyyələşdirilməsi üzərində saxlamağa davam etməliyik. 300 milyard dollar əhəmiyyətli bir addımdır, amma qəbul etməliyik ki, bizə daha çox şey lazımdır. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün ambisiyalarımızı qoruyub saxlamalı və bütün tərəflərlə birgə işləməliyik", - deyə Prezident S.Uipps vurğulayıb.
Palau Prezidenti COVID-19 pandemiyası ilə mübarizə üçün dünyanın necə birləşdiyini xatırladıb.
"Biz sərhədləri bağladıq, vaksinlərin hazırlanmasına milyardlarla dollar sərf etdik. İqlim dəyişikliyinə qarşı mübarizə üçün də məhz belə bir öhdəlik səviyyəsi tələb olunur. Ümid edirik ki, bu, yalnız bir başlanğıcdır. Bu təşəbbüsə impuls lazımdır, sanki qar topu kimi. Biz onu dağın zirvəsindən buraxdıq – indi isə onun sürətlənməsi, böyüməsi və nəticədə hamımızın gözlədiyi nəticələri gətirməsi vacibdir", - deyə Prezident S.Uipps qeyd edib.
Ölkələrin iqlim öhdəliklərinə görə məsuliyyətə cəlb edilməsi
"Səylərimizdən maksimum nəticə əldə etmək üçün BMT-nin bütün mexanizmlərindən istifadə etməliyik. Bizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası prosesi mövcuddur, lakin bu proseslə məhdudlaşmaq olmaz — mövcud olan bütün BMT alətlərindən istifadə etmək vacibdir. Həmçinin, ölkələrin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquqi mexanizmləri nəzərdən keçirməliyik.
Sakit Okean regionu ölkələri çirkləndiricilərin məsuliyyətə cəlb edilməsi üçün Beynəlxalq Məhkəmədən hüquqi qərar əldə etmək məqsədilə İqlim Dəyişikliyi və Beynəlxalq Hüquq üzrə Kiçik Ada Dövlətləri Komissiyası (COSIS) çərçivəsində birləşib. Biz məsuliyyətin gücləndirilməsi və hamımız üçün lazım olan nəticələrə nail olmaq üçün mümkün olan bütün yolları araşdırmalıyıq", - deyə Palau Prezidenti bildirib.
O vurğulayıb ki, iqlim problemləri təkcə kiçik adaların problemi deyil.
"Bakıda olarkən öyrəndim ki, iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin səviyyəsi azalır. Bu, yalnız kiçik adaların problemi deyil — bu, ümumi bir problemdir. Biz hamımızın eyni istiqamətdə irəlilədiyinə əmin olmaq üçün mövcud olan bütün beynəlxalq mexanizmlərdən istifadə etməliyik", - deyə Prezident S.Uipps qeyd edib.
Beynəlxalq tərəfdaşlığın iqlim böhranı ilə mübarizədə gücləndirilməsi
"Ən vacibi odur ki, 300 milyard dollarlıq öhdəliyimiz mövcuddur. İndi əsas məsələ bu vəsaitlərin kiçik ada dövlətlərinə necə çatdırılacağıdır? Onlar, həqiqətən də, məqsədlərimizə çatmağa kömək edəcək əhəmiyyətli layihələrin həyata keçirilməsinə necə yönəldilə bilər? Sakit Okean regionuna gəldikdə isə, bizdə 2050-ci ilədək "Mavi Sakit Okean qitəsi" üçün Strategiya mövcuddur.
Ümid edirik ki, bu vəsaitlər bizim hazırladığımız bu strategiyanın həyata keçirilməsinə yönəldiləcək. Bu strategiyanın əsas hissələrindən biri Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də təqdim etdiyimiz Mavi Sakit Okean qitəsi Çiçəklənmə Planıdır. Biz inanırıq ki, sağlam okeanlar sağlam planetin zəmanətidir.
Bu məqsədə nail olmaq üçün bir sıra mühüm addımlar atılmalıdır. Buraya okean resurslarımızın 100 faizlik idarə edilməsi, onların sağlamlığını və dayanıqlığını təmin etmək üçün tam qoruma altına alınacaq xüsusi mühafizə olunan ərazilərin yaradılması daxildir. Çünki əgər okeanlar sağlamdırsa, onlar iqlimin tənzimlənməsində əsas rol oynayır. Bu, təkcə bizim üçün deyil, bütün dünya üçün kritik əhəmiyyətə malikdir", - deyə Prezident S.Uipps bildirib.
Palau Prezidenti S.Uipps qeyd edib ki, eyni zamanda, okean resurslarının davamlı istifadəsini təmin etmək vacibdir.
"Biz biomüxtəlifliyin qorunmasını, resursların istifadəsinin optimallaşdırılmasını və sistemə dəyər qatılmasını təmin etmək üçün məqsədyönlü maliyyə təminatı yaratdıq ki, bu da resursların davamlı istifadəsinə töhfə verir. Bu, öz növbəsində, bizim üçün həyati əhəmiyyət daşıyan sağlam okeanlara gətirib çıxarır. Daha bir mühüm aspekt iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin həyata keçirilməsinə maliyyə dəstəyi təmin edən regional proqram yanaşmasıdır. Bundan əlavə, keçən il istifadəyə verilmiş Sakit Okean Davamlılıq Fondu yaradılıb. Bu fond fəlakətlər və artıq qarşılaşdığımız iqlim dəyişikliyi qarşısında Sakit okean adalarının daha davamlı olmasına kömək etmək üçün vəsait təmin edir.
Sual budur: bu planlara 300 milyard dollarlıq resursları və öhdəlikləri necə cəlb edə bilərik ki, resurslarımızın davamlı istifadəsini təmin etmək üçün zəruri işlər həyata keçirilsin və eyni zamanda, okeanların sağlamlığı qorunsun? Bu, öz növbəsində, sağlam bir planetə və iqlim dəyişikliyi ilə mübarizəyə gətirib çıxaracaq", - deyə Palau Prezidenti əlavə edib.
Sonda Prezident S.Uipps Azərbaycan xalqına və Prezidentinə COP29-un uğurla təşkilinə görə təşəkkürünü bildirib.
"Biz COP30-u səbirsizliklə gözləyirik. Gəlin bu impulsu qoruyaq", - deyə o fikrini tamamlayıb.