QDTİB prezidenti Azərbaycan üzrə yeni ölkə strategiyasının qəbulundan danışıb (ÖZƏL)

Qaradəniz Ticarət və İnkişaf Bankı (QDTİB) növbəti strateji dövr üçün Azərbaycan üzrə ölkə strategiyası hazırlayacaq.

Bu barədə Trend-ə özəl müsahibəsində QDTİB-in prezidenti Sərhat Köksal bildirib.

“Ukraynada davam edən müharibənin nəticələri fonunda səhmdarlarımızın maraqlarını qorumaq məqsədilə portfelimizin konsolidasiyasına üstünlük verdik və bu məqsədə uğurla nail olduq. Lakin konsolidasiyaya fokuslandığımıza görə 2022, 2023 və 2024-cü ilin birinci yarısında yeni layihələrin hazırlanması tempinin ləngiməsinə səbəb oldu. Yalnız 2024-cü ilin ikinci yarısından etibarən fəaliyyətimizi bərpa edərək, 2025-2026-cı illərdə tempin artırılmasını hədəflədik. Yeni layihələrin hazırlanmasında müvəqqəti azalma səbəbindən fərdi ölkə strategiyalarının hazırlanması daha az əhəmiyyətli oldu və buna görə də Bank layihə fəaliyyətini yenidən genişləndirərkən daha sinoptik yanaşma qəbul etdi. Gözləyirik ki, 2026-2030-cu illəri əhatə edən növbəti strateji dövrdə, əlbəttə ki, Azərbaycan da daxil olmaqla, biznes aparıla bilən bütün üzv ölkələr üçün ölkə strategiyaları hazırlayacağıq”, – deyə S.Köksal bildirib.

O əlavə edib ki, Azərbaycan üzrə yeni ölkə strategiyası mütləq onun iqlim prioritetlərini nəzərə alacaq.

“Azərbaycan Paris Sazişini imzalayıb və müvafiq şəkildə ratifikasiya edib, milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) vasitəsilə tullantıların azaldılması və qlobal temperatur artımının məhdudlaşdırılması öhdəliyini götürüb. NDC-də ölkənin tullantıların azaldılması ilə bağlı məqsədləri, milli sosial-iqtisadi iqlim prioritetləri, ən həssas sektorlar, bu məqsədə nail olmaq üçün lazım olan yumşalma və uyğunlaşma tədbirləri, həmçinin bunun üçün tələb olunan maliyyələşmə əks olunub. Buna görə də iqlim öhdəliklərini ölkə strategiyasına daxil etməklə QDTİB öz maliyyə prioritetlərini Azərbaycanın NDC-ləri ilə uyğunlaşdıracaq ki, bu da, bizim fikrimizcə, ölkəyə iqlim dəyişikliklərinə uyğunlaşma və onların təsirlərini azaltmaq hədəflərinə nail olmasında mühüm dəstək olacaq və Bankın mandatının yerinə yetirilməsində əhəmiyyətini artıracaq”, – deyə QDTİB-in prezidenti vurğulayıb.