COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Antiqua və Barbudanın iqlim məsələləri üzrə səfiri Ruleta Kamaço Tomasdır.
O, inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iddialı qlobal liderliyin və əhəmiyyətli maliyyə dəstəyinin kritik əhəmiyyətini vurğulayıb.
Səfir Antiqua və Barbuda kimi kiçik ada dövlətləri üçün iqlim dəyişikliyinin ağır nəticələrinə diqqət çəkərək, beynəlxalq ictimaiyyəti həssas ölkələrə yardım öhdəliyini təsdiqləməyə çağırıb.
"Biz gözləyirik ki, iqlim dəyişikliyi ilə bağlı qlobal liderlik əvvəlki kimi iddialı və təsirli qalacaq. Xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə təsirinə gəldikdə, dünya liderlərinin qarşılaşdığımız risk səviyyəsini azaltmağa kömək etmək əzmini təsdiqləməyə ümid edirik ", — o bildirib.
Antiqua və Barbuda üçün ən kəskin problemlərdən biri haqqında danışan səfir iqlim dəyişikliyinə uyğunlaşmanın maliyyələşdirilməsinin vacibliyini vurğulayıb.
"Uyğunlaşmanın maliyyələşdirilməsi bizim üçün son dərəcə vacibdir. İqlim dəyişdikcə risklərimiz yalnız artır", — o izah edib.
Səfir qeyd edib ki, suyun temperaturunun 30 fut dərinlikdə artıq 30 dərəcə Selsiyə çatması mərcanların kütləvi ağarmasına səbəb olub. Bu, ölkənin turizm sənayesini dəstəkləyən ekosistemləri təhdid edir və insanların sağlamlığına təhlükə yaradır, çünki həddindən artıq istilik əlavə risklər törədir.
“Biz hələ insanlara olan təsirdən danışmırıq, yüksək temperatur xəstəlikləri artırır və ölkənin inkişafına əlavə çətinliklər yaradır. İnkişaf məqsədlərinə yönəldilmiş maliyyəni iqlim dəyişikliyinə cavab vermək üçün istifadə etmək məcburiyyətindəyik və bu, borc və böhranlarla dolu bir dövrəyə çevrilir”, - o qeyd edib.
R.Tomas iqlim dəyişikliyinin yaratdığı maliyyə problemlərinin həlli üçün kreditlərdən deyil, qrant alətlərindən istifadə etməyə çağırıb,
"Kreditlər bizə kömək etməyəcək. Bizə iqlim defisitindən çıxmağa kömək edəcək qrant alətləri lazımdır", - o vurğulayıb.
Səfir böyük ölkələri və emissiya mənbələrini real addımlar atmağa və hesabatlı olmağa çağırıb.
"Biz onların öhdəliklərinin yerinə yetirilməsini və emissiyaların azaldılması üzrə real addımlar görmək istəyirik. Qalıq yanacaq istifadəsi azaldılmasa, kiçik ada dövlətləri iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkməyə davam edəcək", — deyə o qeyd edib.
O, həmçinin, COP29-un təşkilində Azərbaycanın rolunu dəstəkləyərək, ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini yüksək qiymətləndirib.
"Konfransı keçirdiyiniz üçün sizinlə fəxr edirik. Bu, göstərir ki, siz bu problemə öz töhfənizi vermək üçün çalışırsınız", —səfir bildirib.
Səfir Azərbaycanı və digər ölkələri qalıq yanacaqdan imtina etmək üçün innovasiya və texnologiyalardan istifadə etməyə çağırıb.
"Bunu həyata keçirmək üçün çoxlu yeniliklərə, insan yaradıcılığına və texnologiyalara ehtiyac olacaq. Ancaq bu problemin olduğunu qəbul etməklə doğru addım atmısınız və buna görə sizinlə çox fəxr edirik", — Ruleta Kamaço Tomas sonda bildirib.