Bir dəfə qayaya dırmananda daş parçası bölünüb üzərimə düşmüşdü - ALPİNİSTLƏ MÜSAHİBƏ

Alpinizm sadəcə idman deyil, cəsarətli və məqsədyönlü insanları cəlb edən bir fəlsəfədir. Bu, yeni yüksəkliklərin əbədi axtarışı, təbiətin təqdim etdiyi bütün çətinlikləri dəf edərək zirvələri fəth etməkdir.

AZƏRTAC bu işi maddiyyata görə yox, fərqli insanları tanımaq məqsədi və sevdiyi üçün edən alpinist, Azərbaycan Alpinizm Federasiyasının idarə heyətinin üzvü Müşfiq Səmədli ilə həmsöhbət olub.

- Alpinizmə marağınız nə vaxt yaranıb?

- Bu idman növünə marağım 2011-ci ildən başlayıb. O dövrdə Azərbaycanda idman dırmanması üçün zal ölkəmizin iki şəhərində - Bakı və Şəkidə fəaliyyət göstərirdi. İlk zal Şəkidə amerikalılar tərəfindən inşa edilib. Zalı inşa edənlərdən biri – Mayk mənim alpinizmi seçməyimdə böyük rol oynayıb. O vaxtdan amerikalılarla işlədim, onlardan idman dırmanması və dağ bələdçiliyini öyrəndim.

- Azərbaycanda alpinizmin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? Müşahidə etdiyiniz əsas tendensiyalar hansılardır?

- Azərbaycanda əvvəl FAİREX Alpinizm Federasiyası fəaliyyət göstərirdi. Federasiyanın Şəkidəki filialında müəllim işləmişəm. 2018-ci ildə FAİREX fəaliyyətini dayandırdı. Bir müddət sonra Azərbaycan Alpinizm Federasiyası yarandı. Hazırda federasiyanın İdarə Heyətinin üzvüyəm.

Alpinizm getdikcə daha əlçatan bir idman növünə çevrilir. Daha çox insan özünü sınamaq üçün zirvələri fəth etməyə çalışır. Onu da qeyd edim ki, bələdçilərin peşəkarlığını artırmaq üçün təlimlər keçirilir, həmçinin onların sertifikatlaşdırılması ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyi ilə birgə layihəmiz olub. Onu deyə bilərəm ki, dağçılığa maraq çoxdur. Hər həftəsonu hikinq marşrutları olur. Bəzi marşrutlara həftə ərzində 300-400 nəfər adam gedir. Mövsüm ilə əlaqədar turlara maraq dəyişir. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımıza həsr edilmiş yüksəkliyi 2783 metr olan Xarıbülbül zirvəsinə bu ay çox sayda tur təşkil olunacaq.

- Ən uğurlu dırmaşmanız və başınıza gələn ən maraqlı hadisə haqqında danışardınız...

- Fəth etdiyim zirvələrin hamısı demək olar ki, mənim üçün uğurlu olub. Dırmandığım zirvələrdən biri Avropanın ən yüksək nöqtəsi Elbrus (5642 metr), digərləri Türkiyənin ən yüksək zirvəsi Ağrıdağ (5137 metr) və Gürcüstanın Kazbek zirvəsi (5047 metr) olub. Lakin sonuncu zirvəyə qalxanda səhhətimdə problem yaranmışdı.

Mən, həmçinin qayalara, qış aylarında isə buzlara dırmanıram. Bir dəfə qayaya dırmananda daş parçası bölünüb üzərimə düşmüşdü. 10 metr məsafəni yuvarlanaraq düşdüm. Baş və qol hissəmdən yaralandım. Bu hadisədən sonra yüksəklik qorxum keçdi.

- Bildiyimiz kimi, iqlim dəyişiklikləri dünyada bir çox ölkələrə təsir edib. Siz də təbiətlə daim təmasdasınız. Bu fəaliyyətə başladığınız vaxtdan hansı dəyişiklikləri müşahidə etmisiniz?

Yüksək zirvələrə qalxdıqca hiss olunur. Məsələn, Tufandağ zirvəsində yolboyu üzəri torpaqla örtülü buzlaqlar var. Bu buzlaqlar əvvəllər daha çox sahələri əhatə edirdi. Lakin 2017-2018-ci illərdən sonra onların əriməsini müşahidə etmək olar. Bəzi yerlərdə buzlaqların tamamilə əridiyini görmək mümkündür. Əvvəllər soyuq və qardan görünməyən buzlaqlar isə indi açıqlıqda qalıb.

- Alpinizmlə məşğul olmaq istəyən gənclərə hansı məsləhətləri verə bilərsiniz?

- Gənc alpinistlərə birgə yola çıxdığı adamların bu işdə təcrübəli olduqlarına əmin olmalarını, həmçinin gedəcəyi marşrutu əvvəlcədən araşdırmalarını məsləhət görürəm. Azərbaycan Alpinizm Federasiyasına, bu sahə ilə bağlı fəaliyyət göstərən klublara müraciət edə bilərlər. Onu da deyim ki, instaqramda bir çox dağçıların səhifələrinə rast gəlmək olur. Onlardan kimisi dağa gedir və bir sıra maraqlı şəkillər paylaşır. Bundan sonra onları alpinist kimi tanımağa başlayırlar. Əslində bu, bir problemdir. İnsanlar yola düşdükləri şəxsi mütləq araşdırmalıdırlar.

- Yaxın gələcəkdə ölkədən kənarda hansı zirvəni fəth etməyi planlaşdırırsınız?

- Yanvarda Afrikanın ən yüksək zirvəsi olan Kilimancaroya qalxmaq istəyirəm.