Azərbaycanda keçiriləcək COP29 konfransı Gürcüstan üçün beynəlxalq investisiyaların "yaşıl" texnologiyalara və dayanıqlı layihələrə cəlb edilməsi imkanlarını açır.
Bunu Trend-ə müsahibəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Konstantin Limitovski bildirib.
COP29 ərəfəsində AİİB-in vitse-prezidenti regionlararası ticarət və iqtisadi əməkdaşlıqda Qafqaz regionunun əsas rolunu vurğulayıb.
"Avropa ilə Asiyanın kəsişməsində yerləşən Qafqaz regional əməkdaşlığa əhəmiyyətli təsir göstərir və transsərhəd əlaqələr üçün böyük potensiala malikdir", - o bildirib.
K.Limitovski ekoloji cəhətdən davamlı və yüksək texnoloji infrastruktura strateji investisiyaların əhəmiyyətini vurğulayıb ki, bu da qonşu ölkələr arasında əlaqələri gücləndirə bilər.
"Bu cür investisiyalar yalnız malların, xidmətlərin və əhalinin hərəkətini asanlaşdırmır, həm də iqtisadi inteqrasiyaya kömək edir", - o bildirib.
Eyni zamanda, vitse-prezident regionun rəqəmsal infrastrukturun inkişafı üçün imkanlarını da qeyd edib.
"Dünyanın texnologiyalardan artan asılılığı şəraitində, rəqəmsal əlaqələrə və şəbəkələrin müasirləşdirilməsinə investisiyalar, böyümə, ticarət və innovasiyalar üçün yeni perspektivlər aça bilər", - o izah edib.
AİİB bölgədə rəqəmsal layihələri dəstəkləyərək, məlumat mübadiləsini təşviq edir və nəticədə iqtisadi artımı dəstəkləyir.
"Bu, effektiv məlumat mübadiləsini təmin edəcək və iqtisadi inkişafı sürətləndirəcək", - K.Limitovski əlavə edib.
O qeyd edib ki, COP29 Gürcüstana "yaşıl" texnologiyalara və dayanıqlı layihələrə beynəlxalq investisiyaların cəlb edilməsi üçün unikal imkan yaradır.
"COP29, həmçinin, ekoturizmin inkişafına və Gürcüstanın ekoloji təşəbbüslərinin dəstəklənməsinə də kömək edə bilər", - vitse-prezident vurğulayıb.
Daha sonra bankın nümayəndəsi Gürcüstanda bu yaxınlarda başa çatmış Batumi dairəvi yolunun tikintisi üzrə layihədən danışıb. Bu layihə Qara dəniz və Xəzər regionları arasında əlaqələrin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərib. Vitse-prezident yolun yalnız Gürcüstan üçün deyil, həm də bu regionlar arasından keçən tranzit marşrutların möhkəmləndirilməsi üçün vacib olduğunu vurğulayıb.
Batumi dairəvi yolu — şəhər trafikini azaltmaqla tıxacların qarşısını alan, 20 körpü və 5 tunel ilə təchiz olunmuş 14 kilometrlik ikizolaqlı magistraldır.
"Batumi dairəvi yolunun başa çatması Qara dəniz və Xəzər arasında nəqliyyat əlaqələrini yaxşılaşdıraraq, region üçün əhəmiyyətli bir hadisə oldu", - K.Limitovski bildirib.
Yol beynəlxalq təhlükəsizlik standartları nəzərə alınaraq, layihələndirilib və təhlükəsiz keçidi təmin etmək üçün kompleks işıqlandırma sistemi ilə təchiz edilib.
O qeyd edib ki, dairəvi yol tikilməzdən əvvəl, beynəlxalq tranzit də daxil olmaqla nəqliyyat axını yaşayış və turizm zonalarından keçirdi, bu da tıxaclara səbəb olur və gündəlik həyata mənfi təsir edirdi. Yolun açılması Batumi və ətraf ərazilərdə tıxacları əhəmiyyətli dərəcədə azaldıb, yerli sakinlərin həyat keyfiyyətini və Acariya regionunda turizm üçün şəraiti yaxşılaşdırıb.
Maxinjauridən başlayıb Xelvaçauridə bitən yeni yol, Batumi və ətraf kəndlər arasında vacib nəqliyyat əlaqəsini təmin edir. Dörd nəqliyyat qovşağı bu kəndləri şəhərlə birləşdirir və əsas magistrallara birbaşa çıxış imkanı yaradır, yerli icmaları dəstəkləyir.
"Kobuleti dairəvi yolu ilə birlikdə yeni dairəvi yol əsas trafikin yükünü azaldır", - K.Limitovski əlavə edib.
Yerli üstünlüklərlə yanaşı, dairəvi yol beynəlxalq nəqliyyat marşrutlarını möhkəmləndirir və İspaniyanı Gürcüstanın Poti şəhəri ilə birləşdirən Avropanın Qərb-Şərq (E70) tranzit yolunda yükdaşıma qabiliyyətini artırır.
"Bu marşrut Qərbi və Şərqi Avropa arasında ticarətin inkişafına, həmçinin, turizm və mədəni mübadilələrə töhvə verir", - o bildirib.
Layihə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 99 milyon ABŞ dolları həcmində investisiyası ilə Asiya İnkişaf Bankının (AİB) iştirakı və Gürcüstan büdcəsindən dövlət dəstəyi ilə həyata keçirilib.
"Layihənin uğurla başa çatması, AİİB-in regionda iqtisadi artıma və əlaqələrin gücləndirilməsinə dəstək verən infrastruktur layihələrini dəstəkləmə əzmini vurğulayır", - K.Limitovski qeyd edib.
Ümumilikdə, bu günə qədər AİİB Gürcüstanda ümumi dəyəri təxminən 400 milyon ABŞ dolları olan 5 iri layihəni təsdiq edib ki, bunlara Batumi dairəvi yolunun tamamlanması da daxildir.
"Gürcüstan hökuməti ilə əməkdaşlıq çərçivəsində biz, həmçinin, Tbilisi metropoliteninin modernləşdirilməsi layihəsini hazırlayırıq", - K.Limitovski bildirib.
O əlavə edib ki, yeni təşəbbüs metro sisteminin səmərəliliyini, etibarlılığını və ekoloji uyğunluğunu artıracaq.
Bundan əlavə, COVID-19 pandemiyasına cavab olaraq, AİİB Gürcüstanın ictimai səhiyyə sisteminin hazırlığını artırmaq üçün tədbirlər görüb və iqtisadi tənəzzüllə mübarizədə ölkəyə kömək etmək məqsədilə TBC Bank vasitəsilə kiçik və orta müəssisələrə (KOM) likvid vəsaitlər təqdim edib.
Davamlı inkişafın əhəmiyyətini vurğulayaraq, AİİB Gürcüstanın kapital bazarında "yaşıl" investisiyaları dəstəkləmək üçün buraxılan “Georgia Capital”ın davamlı inkişaf istiqrazlarına 16 milyon ABŞ dolları investisiya yatırıb.
"Gürcüstan hökuməti ilə tərəfdaşlığımız AİİB-in fəaliyyətə başladığı ilk ildən etibarən başlayıb və böyük infrastruktur layihələrinin uğurla həyata keçirilməsi üçün əsas olub", - K.Limitovski əlavə edib.
O, xüsusilə pandemiya şəraitində Gürcüstanın Maliyyə Nazirliyi, Regional İnkişaf və İnfrastruktur Nazirliyi və Avtomobil Yolları Departamentinin çətinliklərin öhdəsindən gəlməkdə AİİB-in mühüm rolunu vurğulayıb.
"Batumi dairəvi yolu yerli və regional əlaqələri yaxşılaşdıran iri infrastruktur layihələrinin həyata keçirilməsinə effektiv əməkdaşlığın necə töhfə verə biləcəyini nümayiş etdirir", - o qeyd edib.
K.Limitovski AİİB-in gələcək təşəbbüslərin həyata keçirilməsində Gürcüstan hökuməti ilə sıx əməkdaşlığa sadiq olduğunu təsdiqləyib.
"Tikinti başa çatdıqdan sonra biz ekoloji və sosial davamlılığa xüsusi diqqət yetirmək niyyətindəyik. Biz Gürcüstanda həm suveren, həm də qeyri-suveren maliyyələşdirmə portfelini genişləndirərək, ölkənin və regionun iqtisadi potensialının gücləndirilməsinə töhfə vermək istəyirik”, - o qeyd edib.
Onun sözlərinə görə, AİİB Qafqaz regionunda fəaliyyətini aktiv şəkildə genişləndirməyi planlaşdırır. Burada enerjiyə tələbatın artacağı və xüsusilə bərpa olunan mənbələr hesabına generasiya güclərinin artırılmasına ehtiyac yaranacağı gözlənilir. O, bankın davamlı iqtisadi inkişafa xüsusi diqqət yetirdiyini qeyd edib.
K.Limitovski AİİB-in ortamüddətli strategiyasının ekoloji cəhətdən təmiz və texnoloji baxımdan təchiz olunmuş infrastrukturu dəstəkləməyə yönəldiyini və bunu "gələcəyin infrastrukturu" adlandırıb.
"Bölgənin firavan, əhatəli və davamlı gələcəyini təşviq edəcək layihələr hazırlamaq üçün federal və regional hakimiyyət orqanları, özəl sektor və digər maraqlı tərəflərlə əməkdaşlıq etməyə hazırıq ", - deyə Konstantin Limitovski yekunlaşdırıb.