Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və Azərbaycan Bəstəkarlar İttifaqı

2009-cu ildən bəri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı yenidən 16-cı dəfə musiqisevərləri bir araya gətirdi. Məlumdur ki, bu festivalın keçirilməsində və Üzeyir bəy irsinin əbədiyaşarlığında Heydər Əliyev Fondunun layihələri mühüm əhəmiyyət kəsb edir. Bu da ondan irəli gəlir ki, Fondun Prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli sərvətlərimizin və eyni zamanda, Üzeyir bəyin irsinin yaşadılmasına xüsusi qayğı və diqqətlə yanaşır. Mehriban xamının 2009-cu ildə keçirilən “Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumunda çıxışı zamanı deyib: “XX əsrin əvvəlində dahi Üzeyir Hacıbəyli öz yaradıcılığının timsalında ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü sala bildi. Beləcə Fikrət Əmirovun və Niyazinin simfonik muğamlarına, Qarayevin simfonizminə və XX əsr Azərbaycan musiqisinin bir çox başqa uğurlarına yol açıldı”.

Həqiqətən də bu gün biz hamımız Üzeyir Hacıbəylinin yaradıcılığı, onun ölməz musiqisi ilə fəxr edirik. Odur ki, hər il bu festivalı sənətsevərlər səbrsizliklə gözləyir.

Bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və Azərbaycan Bəstəkarlar İttifaqı” sərlövhəli yazısında yer alır. AZƏRTAC yazını təqdim edir.

Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivallarında demək olar ki, ölkənin bütün musiqi ictimaiyyəti yaxından iştirak edir. Bu mənada Azərbaycan Bəstəkarlar İttifaqında tədbirlərin keçirilməsi artıq bir ənənəyə çevrilib. Bu ənənənin əsasını təşkil edən vacib məsələlərdən biri Üzeyir Hacıbəylinin irsinə dair elmi konfransların keçirilməsidir. Bu konfranslarda musiqişünas-alimlərin Üzeyir bəylə bağlı araşdırmaları təqdim olunur. 2024-cü ildə Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyinə həsr olunan tədbirlər silsiləsində Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalları çərçivəsində keçirilən elmi konfransların çıxışlarına əsaslanan məqalələr toplusu nəşr olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə məqalələr toplusuna “Ön söz”də Üzeyir Hacıbəyli yaradıcılığını yüksək dəyərləndirərək onu “Şərq musiqisinin sönməz günəşi” adlandıraraq yazır: “Üzeyir bəy irsi elə bir xəzinədir ki, daim tədqiqatçıların diqqət mərkəzindədir və yeni-yeni elmi əsərlərin yaranmasına səbəb olur”.

Təqdim olunan elmi məqalələr toplusunda Üzeyir bəylə yanaşı, onunla eyni ildə və eyni gündə, yəni 1885-ci ilə sentyabrın 18-də anadan olan, sənətkarın yaxın silahdaşı M.Maqomayevə də həsr olunan məqalələr öz əksini tapır. Məlum olduğu kimi, hər iki bəstəkarın Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında və inkişafında böyük xidmətləri olmuşdur. Topluya daxil olan məqalələrdə Ü.Hacıbəyli və M.Maqomayevin yaradıcılığı yeni rakurslarda, müxtəlif aspektlərdən təhlil edilir. Ümumiyyətlə, topludan məqalələri belə qruplaşdırmaq olar:

1.Ü.Hacıbəylinin operalarının və musiqili komediyalarının tədqiqi;

2.Ü.Hacıbəylinin xalq musiqisinə dair elmi tədqiqatlarının tədqiqi;

3.Ü.Hacıbəyli və M.Maqomayevin yaradıcılığına elmi-publisistik səpkidən yanaşma;

4.Ü.Hacıbəyli və M.Maqomayev yaradıcılığında folklor.

Topludakı məqalələrlə tanışlıqdan sonra istər-istəməz oxucuda belə bir fikir yaranır. Üzeyir Hacıbəylinin musiqisinin yarandığı vaxtdan bir əsrdən çox keçmişdir. Onun musiqisi bu gün də təravətli səslənib, Azərbaycanın hüdudlarından çox kənarda özünə böyük dinləyici auditoriyası toplamaqdadır. Azərbaycanın Xalq artisti Alim Qasımov və onu qızı Əməkdar artist Fərqanə Qasımovanın ifasında “Leyli və Məcnun” operasının qısaldılmış variantda tar və kamança qatılmaqla məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək yolu” ansamblı ilə ifası buna əyani nümunədir. Məhz bu uğurlu ifadan sonra əsərin yeni rəqs variantı yaranır və xoreoqraf Mark Morrisin quruluşunda okeanın o tayında – Amerikada əsər tamaşaya qoyulur, Çikaqo və Vaşinqtonda böyük alqışlarla qarşılanır.

Ü.Hacıbəyli “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümünü topluda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovanın konfransdakı məqaləsində çox maraqlı faktlarla işıqlandırılmışdır. Müəllif bu sensasiyalı tamaşanın dizayn və geyimlərindən də bəhs etmiş, quruluşçu rəssamın səhnə geyimlərində əsas çalarları Azərbaycanın Dövlət bayrağının qırmızı və mavi rənglərindən ibarət olması seçimini vurğulamışdır.

Könül xanım öz məqaləsində əsərin balet versiyasının yaradıcılarından çox maraqlı sitatlar gətirir. Bu sitatlardan birini nəzərinizə çatdırmaq istərdik: “Bu gün bütün dün¬ya¬da müsəlmanlara qarşı dözümsüzlük görürük, lakin biz İslam mə¬də-niyyətini fərqli prizmadan göstərməyə çalışdıq. “Leyli və Məc¬nun” çox lirik hekayədir. Siyasət və iqtisadiyyat insanlar arasında fərq yarada bilər, amma incəsənət yox”. K.Nəsirovanın məqaləsində işıqlandırılan tamaşa Üzeyir Hacıbəylinin musiqisinin, Şərqdə ilk operanın, dünya musiqisində analoqu olmayan bir janrın – muğam operasının dünya musiqisində təntənəsidir.

Topluda Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına dair bir neçə çıxış-məruzə özünə yer almışdır. Xalq artisti, Üzeyir Hacıbəyli ev-muzeyinin direktoru Sərdar Fərəcovun “Üzeyir Hacıbəyli və erməni sənətçilərin “mədəni” təcavüzü”, Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyevin “Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri xarici ölkə teatrlarının səhnələrində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılovanın “Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilən filmin yaranma tarixi və ekran həyatı” məruzələrində bu mövzu müxtəlif bucaqlar altında işıqlandırılır.

Eyni zamanda topluda Respublikanın Əməkdar İncəsənət xadimi, professor, akademik Zemfira Səfərovanın “Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının musiqi müstəvisində”, AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədovanın “Hüseynqulu Sarabski Üzeyir Hacıbəylinin operalarının ilk tamaşalarında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadənin “Üzeyir Hacıbəylinin “Koroğlu” operasında epik koqnitiv modellərin təfsirinə dair”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Aytac Rəhimovanın “Xalq musiqimizin bərabər temperasiya sisteminə keçməsində Üzeyir Hacıbəylinin rolu”, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın “Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu” və “Azərbaycan bəstəkarlıq məktəbinin yaranıb formalaşmasında Ü.Hacıbəyli və M.Maqomayevin birgə fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dostluğu məktubların izi ilə” və “Üzeyir Hacıbəyli irsinin radio və televiziyada təbliği”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığında xalq rəqslərinin tədqiqi və istifadəsi məsələləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədovanın “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığında qəhrəmanlıq mövzusu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Jalə Qulamovanın “Üzeyir Hacıbəylinin “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin “Üzeyir Hacıbəyli şəxsiyyəti Zemfira Səfərovanın elmi yaradıcılığında” adlı məqalələri daxildir.

Bütün bu tədqiqat işləri müxtəlif illərdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivallarına musiqişünas alimlərimizin töhfələridir. Bu ilki festivalda da Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli – akademik” mövzusunda elmi konfrans keçiriləcək. Əminik ki, sentyabrın 24-də Bəstəkarlar İttifaqının konfrans zalında baş tutacaq elmi konfransda musiqişünaslarımız Üzeyir bəy irsindən yeni araşdırmalarını musiqi ictimaiyyətinə təqdim edəcəklər. Onu da qeyd edək ki, festival çərçivəsində bəstəkarlarımız da yeni əsərlərini təqdim edirlər. Bu il də ənənəyə sadiq qalan bəstəkarlarımız sentyabrın 25-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli konsert salonunda kamera əsərlərindən ibarət konserti keçiriləcək. Ümidvarıq ki, XVI Beynəlxalq Üzeyir Hacıbəyli musiqi festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının bu tədbirləri də yadda qalan olacaq.