Nazir: Əlincədağ təbiət abidəsinin pasportu hazırlanacaq

Əlincədağ təbiət abidəsinin hazırlanacaq pasportunda ərazinin planı, dağın ümumi görünüşündən fotoşəkil və müvafiq aktlar yer alacaq.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.

Nazir bildirib ki, muxtar respublikada qədim ağaclar və geoloji (paleontoloji) obyektlərdən ibarət 15-ə yaxın təbiət abidəsi mövcuddur:

“Nazirlik tərəfindən pasportları hazırlanan yaşı yüz illərlə ölçülən şərq çinarlarını, tut və nalbənd ağaclarını, Biçənək meşəsini, İlandağ, Nehrəm dərəsini, Kilid mağarasını, Naxçıvan duz mədənlərinin qədim qazmalarını misal göstərmək olar.

Muxtar respublikada təbiət abidələrin siyahısına artıq yeni abidə də əlavə olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 sentyabr tarixli 418 nömrəli Qərarı ilə Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib. Qərardan irəli gələn məsələlərin həlli ilə bağlı nazirlik tərəfindən bir sıra tədbirlər görüləcək.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcındakı Aracı yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətindəki Qırxlardağın şərq yamacında, 1821,4 metr hündürlükdə yerləşən Əlincədağ təbiət abidəsinin pasportu hazırlanacaq. Həmin pasportda isə ərazinin planı, dağın ümumi görünüşündən fotoşəkil, yerli icra hakimiyyəti ilə bağlanmış müqavilə və müvafiq aktlar yer alacaq”.

X.Mustafayev əlavə edib ki, təbiət abidəsinin yerləşdiyi ərazidə xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunacaq, həmçinin məlumat lövhəsi yerləşdiriləcək. Lövhədə dağın fotoşəkli, hündürlüyü, mühafizə edilən nadir flora və fauna növləri haqqında məlumatlar əks olunacaq.