Milli Musiqi Gününə töhfə olaraq Vikipediyada Üzeyir Hacıbəyli haqqında türk dilində səhifə istifadəyə verilib

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi bəstəkar, peşəkar musiqi sənətinin və milli operanın banisi, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli haqqında Vikipediya elektron ensiklopediyasında Türk dilində səhifə zənginləşdirilərək istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, səhifə Azərbaycan Milli Musiqi Günü münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən hazırlanıb.

Səhifədə Üzeyir Hacıbəylinin dahi bəstəkar kimi Azərbaycan musiqisini inkişaf etdirməsi, milli opera sənətinin və operettanın əsasını qoyması, dram əsərləri, felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, çoxsaylı tərcümələr etdiyi barədə məlumatlar yer alıb.

Burada qeyd olunur ki, bəstəkar Azərbaycanda musiqi təhsilinin banilərindən biri olub, musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib, milli kadrları hazırlayıb, musiqi kollektivlərinə və məktəblərinə rəhbərlik edib.

Yaradılmış bölmədə Üzeyir Hacıbəylinin həyatı, onun Qarabağda, Şuşada keçirdiyi illər, Qori seminariyasında təhsil alması, yaradıcılığı, publisistikası, yaratdığı ölməz əsərlər, musiqili komediyalar, operalar, habelə onun filmoqrafiyası, haqqında çəkilmiş filmlər, Elmlər Akademiyasında fəaliyyəti öz əksini tapıb. Bundan başqa, bölmədə Üzeyir bəyin həyat və yaradıcılığına dair maraqlı fotoşəkillər, Azərbaycanda buraxılmış poçt markaları verilib.

Səhifədə Üzeyir Hacıbəylinin ailə, nəsil şəcərəsi göstərilib, onun xatirəsinin əbədiləşdirilməsi, ucaldılmış büst və heykəllər, filmoqrafiyası öz əksini tapıb.

Məlumatda Prezident İlham Əliyevin dahi bəstəkarla bağlı fikirlərinə də yer verilib: “Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Konservatoriyasının qurucusudur. Üzeyir Hacıbəyli, eyni zamanda, Azərbaycanda çox güclü klassik musiqi məktəbini yaratmışdır. Dahi bəstəkarımız Azərbaycan Himninin müəllifidir. Onun ölməz əsərləri bu gün də yaşayır”.

Türk dilli istifadəçilərə məlumat verilir ki, 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.

Türk dilində istifadəyə verilmiş “Uzeyir Hajibeyov” adlı bölmə ilə linkində tanış olmaq mümkündür.