Samir Abbasov: Azərbaycanın milli mədəniyyəti Antalyada geniş təbliğ olunur

Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Səfirliyimizin nəzdində yaradılan bu mərkəzin əsas məqsədi Türkiyənin paytaxtı və bölgələrində Azərbaycanın milli mədəniyyətini geniş təbliğ etməkdir. Bu fəaliyyəti təmin etmək məqsədilə Mədəniyyət Mərkəzi Türkiyənin bölgələrində mütəmadi olaraq Azərbaycan mədəniyyəti və sənəti günləri təşkil edir. Belə tədbirlərdən biri də Antalyada təşkil olunub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib.

Azərbaycanın bu il ilk dəfə Türkiyədə keçirilən III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında rəsmi olaraq təmsil olunduğunu xatırladan direktor deyib: “Ölkəmiz tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin dəstəyi ilə iştirak edir. Bu gün biz Azərbaycan mədəniyyəti və sənətini tamamilə fərqli olaraq Antalyada nümayiş etdiririk. Burada yaradılan Azərbaycan milli çadırında ölkəmizə məxsus sənət nümunələri, əl işləri, mədəniyyətimizə dair xalçalar, suvenirlər, müxtəlif milli geyim və qadın baş örtüyümüz olan kəlağayılarımız, musiqi nümunələrimiz ziyarətçilərə təqdim edilir. Ümumiyyətlə festivala maraq böyükdür. Üç gün davam edən tədbiri 200 mindən artıq insanın ziyarət etməsi gözlənilir. Festival çərçivəsində milli çadırımızla yanaşı, tədbir əsnasında təşkil olunan konsert proqramlarında Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərimizi nümayiş etdirir. Konsertlərdə azərbaycanlı sənətçilərin çox gözəl çıxış proqramları da var. Proqramlarda Azərbaycanın Xalq artisti Azərin və ölkəmizin tanınmış müğənnisi Vüsalə Əsgərova milli musiqi əsərlərimizi təqdim edəcək, xalq çalğı alətlərimizdə mahnılarımız səslənəcək”.

Qeyd edək ki, sentyabrın 13-dən 15-dək keçirilən və türkdilli xalqlarla yanaşı müxtəlif ölkələrin də iştirak etdiyi festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır.