Bakı, 18 sentyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Milli Musiqi Günü ilə əlaqədar olaraq silsilə materiallar – videomaterial, virtual və ənənəvi kitab sərgisi hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edir.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Milli Musiqi Gününün tarixi, bu günün təsis edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin tam mətni təqdim olunur. Materiallarda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bəstəkar, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyli haqqında söylədikləri dəyərli fikirlər yer alır. Videomaterialda milli musiqi tariximiz, onun dərin kökləri, zəngin koloriti, Türk mədəniyyəti paytaxtı, Qarabağın incisi Şuşa şəhərində keçirilən mədəniyyət, ədəbiyyat tədbirləri, “Xarıbülbül” festivalı haqqında geniş məlumat verilir, foto və video görüntülər təqdim edilir.
Virtual kitab sərgisində “İlham Əliyev və musiqi mədəniyyəti”, “Oxu, tar...”, “Üzeyir Hacıbəylinin publisistikasında musiqi məsələləri”, “Azərbaycan xalq musiqisinin əsasları”, “Musiqi əsərlərinin təhlili”, “Azərbaycan musiqi tarixi” kimi on beşdən çox kitabın biblioqrafik təsviri verilir.
“18 sentyabr Milli Musiqi Günü” adlı ənənəvi kitab sərgisində Azərbaycanın qədim musiqi tarixi, görkəmli bəstəkarların həyat və yaradıcılığı, muğam, aşıq sənəti, musiqi çalğı alətləri haqqında kitablar sərgilənməkdədir.
Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 18 Sentyabr - Milli Musiqi Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbkələrdə yerləşdirilib.