Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Varşavaya səfəri çərçivəsində Polşa Respublikasının Senatının vitse-marşalı Mixal Kaminski ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Türk dünyası və Polşa arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni irsin qorunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
A.Raimkulova Fondun Türk dünyasının mədəni və tarixi irsinin qorunması və təşviqi sahəsində gördüyü işlər, eləcə də Polşa ilə bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri barədə məlumat verib. O, Polşada yaşayan türk mənşəli icmaların – tatarların və karaimlərin mədəni irsinin qorunması və öyrənilməsi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Senatın vitse-marşalı M.Kaminski Polşanın tarixi və mədəni irsin qorunmasına böyük önəm verildiyini qeyd edərək, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib.
Görüş tərəfləri maraqlandıran digər məsələlər üzərində müzakirələrlə davam edib.
Görüşdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və Qazaxıstanın Polşadakı səfiri Alim Kirabayev iştirak ediblər.