Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınır. Tədqiqatçılar üçüncü çərşənbəni dörd yaradılış ünsüründən biri olan hava ünsürü ilə bağlayırlar.
AZƏRTAC AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Alabalıyevin Yel çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.
Əslində 4 müqəddəs yaradılış ünsürü özlüyündə yeni həyatın gəlişi bayramı olan Novruz bayramının əsasını təşkil edir. Ona görə də təkcə Yel çərşənbəsi mərasimlərində deyil, elə Novruz bayramı şənliklərində icra olunan ayin və mərasimlərdə də biz Yel ünsürünü simvollaşdıran məqamları müşahidə edirik.
“Bayram günlərində əksər rayonlarda gəlin və qızlar “Haxışta”, “Halay”, “Yaşıl yarpaq, qızıl gül”, “Qıy qılınc”, “Turnavurdu”, “Bənövşə” və s. oyunları ifa edirlər. Qədim bahar mərasimləri Şəki-Zaqatala bölgəsində “Mərəkə”, “Ukur”, “Qorqut”, “Vərtivər” adları ilə tanınır. Avarlar arasında tanınan “Ukur” mərasimində də hər nəsil bir yerə toplaşaraq müxtəlif oyunlar, yarışlar keçirər, mərasim yeməyi bişirər, mərasimdə iştirak edə bilməyən xəstələrə, qocalara pay göndərər, belə məclisdə həm də qız bəyənərdilər. “Qorqut” türklərdə olan “Xıdırəlləz” (Xıdır İlyas) mərasimi 40 gün davam edərdi. Quba bölgəsində isə Novruz bayramında icra olunan “Mürvət toyu” adlanan xeyirxah bir ənənə də var idi. Novruz günü kənd sakinləri yığışıb kəndin atasız-anasızlarına, ailə qurmağa imkanı olmayan qız və oğlanlara toy edərdilər. Ağsaqqalların, ağbirçəklərin təşəbbüsü ilə keçirilən “Mürvət toyu”nda hərə öz imkanına görə gənclərin toyuna ərzaq ilə kömək edərdi. Hətta evi olmayanlar üçün ev tikərdilər. Bu oyunlar içərisində “Küfdibi” mərasimi xüsusilə diqqəti cəlb edir. Eyni zamanda, bu mərasim Novruz bayramı daxilində, onun bir ritualı kimi tədqiq edilir. Küfdibi cavan qızların, gəlinlərin, bəzən oğlanların da yelləncəkdə yellənərək mahnılar oxumasını, deyişməsini ehtiva edir.
Bu oyunlardan “Haxışta”, “Halay” və başqalarında biz Yel (hava) ünsürünün əlamətlərini görə bilirik. Eyni zamanda, qeyd edildiyi kimi, “Novruz bayramının bir ritualı” kimi səciyyənlədirilən “Küfdibi” mərasimi Yel çərşənbəsinin stixiyasını özündə əks etdirir. Belə ki, küfdibi mərasimi zamanı oğlan və qızların yelləncəkdə yellənmələri birbaşa insanların yaradıcı hava stixiyası ilə təmasa girmələrini simvolizə edir. Çünki yelləncəkdə yellənmək özü havada asılı qalmaq, başqa sözlə, hava ilə təmasda olmaq və bu ərəfədə gənclərin mahnılar oxuması, deyişməsi, həmçinin bu məqamda sevgilinin adının dilə gətirilməsi amili həyat eşqinin, yaşamaq həvəsinin ifadəsidir. Havada yellənməklə Yel tanrısına öz eşqini – sevgilinin adını söyləmək, şən mahnılar oxumaq və s. mahiyyətcə yaradıcı həyat ünsürü olan Yel ruhundan dirilik, oyanış, yenidən yaradılış arzusunu dilə gətirmək deməkdir. İnsanın evlənmək arzusu onun həyatında yeni bir mərhələyə daxil olmaq – yeni biçimdə, evli, ailəli olmaq şəklində yenidən doğuluşu deməkdir.
“Bahar gəlir, nəfəs gəlir, oxumağa həvəs gəlir” - misralarında isə birbaşa baharın yeni nəfəs kimi gəlişi tərənnüm olunur. Təbiətin nəfəsi (yeni nəfəsi) ilə insanın təzə nəfəsi – nəfəs alıb-vermə gücü sayəsində oxuması, şən nəğmələr ifa etməsi bir arada birləşməklə bir daha nəfəsin, yelin, başqa sözlə, hava ünsürünün yaradıcılıq gücünü nümayiş etdirir.
Gördüyümüz kimi, mərasimin icra ayinləri də, oxunan nəğmələrin mətnindən anlaşılanlar da yelin, nəfəsin – havanın yaradıcı ünsür kimi iştirakını aydın şəkildə hiss etdirir.
Bu prosesdə “qızların yallı oynaya-oynaya xorla oxumaları” məsələsinə də xüsusi diqqət çəkmək lazımdır. Belə ki, “Xorla oxumaq” səhnəsi burada hamının birağızdan birnəfəsə oxumasını – yeni nəfəs üstündə köklənib şənlənmələrini ifadə edir və bu amil də yenə nəfəsin – başqa sözlə, havanın (və oxunan şən-şux havanın, mahnının) insanları ruhən oyanmağa, yenidən dirçəlişə xidmət etdiyini nişan verən əlamətdir. Bundan başqa, buradakı rəqsin “yallı” havası üstə icra edilməsi özü də bir tərəfdən hava ünsürünün iştirakını təmin etmiş olur. Belə ki, yallı oyunu da “yallı” – “yelli” (dairəvi yelləncək” şəkilli) olmaqla yenə də yel-külək (hava) ilə rabitəni (təmasa girməni) simvollaşdırır.