Kino sahəsində baş verən yeniliklərə və inkişaf prosesinə dəstək verən, bundan sonra “təşəbbüs qrupu” adlandırılacaq bir neçə nəfərdən ibarət bu qrupun üzvləri olaraq, kinematoqrafiyanın inkişafı naminə yeniliklərin tərəfdarıyıq və onların həyata keçirilməsi üçün çalışırıq. Təşəbbüs qrupu Mədəniyyət Nazirliyinə üç layihə təqdim edib. Həmin layihələr müasir müstəqil Azərbaycan kinosunun inkişafı üçün zəruridir. Bu layihələr bu gün keçiriləcək "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsində səsləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kino Sənayesi İnkişafı Fondunun sədr müavini Azər Aydəmir söyləyib.
“Təşəbbüs qrupunun üzvü olaraq təqdim edəcəyim layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yenidən bərpası barədə olacaq. Bizim gözəl planlarımız, təkliflərimiz var. Çox istəyirik ki, Azərbaycan kinostudiyası toxunulmaz olaraq qalsın. Çünki o, mədəni irs nümunəsi olan tarixi abidədir”, - deyə o qeyd edib.