Braziliyada azərbaycanlı gənc rəssamların sərgisi açılacaq

Braziliyanın Rio-de-Janeyro ştatında ilk dəfə olaraq azərbaycanlı gənc rəssamların "Art of Cultural Diplomacy-Art for Peace" (Mədəni İncəsənət Diplomatiyası- Sülh naminə İncəsənət) adlı sərgisi açılacaq. Sərgi Azərbaycanın Braziliyadakı səfirliyi, Rio-de-Janeyro şəhər meriyası və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilr.

Bu barədə AZƏRTAC-a “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev məlumat verib.

Onun sözlərinə görə, sərgidə 18 gənc rəssamın əsəri nümayiş olunacaq. “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən mədəniyyətlərarası dialoqu inkişaf etdirmək və Azərbaycan gənclərinin dünyaya inteqrasiyasını gücləndirmək məqsədlə sərgilər təşkil edir. 2010-cu ildən dünyanın bir çox ölkələrində 27 sərgi təşkil etmişik. İndiyədək bu sərgilərdə 461 gənc rəssam iştirak edib və onların 2104 rəsm əsəri nümayiş olunub. Bu, Cənubi Amerika qitəsində ilk sərgimiz olacaq”,- deyə mərkəzin direktoru bildirib.

Qeyd edib ki, martın 10-dan 14-dək Gloria Maria Park Mədəniyyət Mərkəzində baş tutacaq sərgidə Azərbaycandan gətirilən 44 sənət əsəri nümayiş etdiriləcək: “ Azərbaycan rəssamlığının qədim tarixi sənətini nəzərə alaraq, ümid edirəm ki, bu rəsmlər yerli sənətsevərlərin və turistlərin diqqətini cəlb edəcək”.