Mən çox şadam ki, teatrımızın tamaşaçı auditoriyası genişdir. Tamaşaların əksəriyyətində anşlaq yaşanır ki, bu da sənətsevərlərin marağını və teatrımıza olan sevgisini göstərir. Düşünürəm ki, bu dəfə də ortaya maraqlı və təsirli bir səhnə əsəri çıxıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Xalq artisti Polad Bülbüloğlu bəstəkarın 80 illiyi münasibətilə premyerası keçirilən “Qorxma, mən səninləyəm” tamaşasının nümayişi zamanı deyib.
Xalq artisti diqqətə çatdırıb ki, 44 il öncə çəkilmiş film qardaş ölkələrin ekranlarında yayımlanaraq geniş auditoriyaya təqdim olunub.
“Bu əsərin uzun müddətdir yaşayaraq öz dəyərini qoruyub saxlaması hər bir yaradıcı insan üçün böyük qürur mənbəyidir. Hər bir bəstəkar üçün onun əsərlərinin illər boyu səslənməsi və tamaşaçılar tərəfindən sevilməsi əsl xoşbəxtlikdir”,- deyə P.Bülbüloğlu əlavə edib.