Dövrümüzdə müasir texnikalara, o cümlədən elektrik avadanlıqlarına üstünlük verilsə də, bəzi ailələrdə qədimdən qalan vasitələrdən istifadə edənlər də var. Əl dəyirmanları da onlardan biridir. Daşlardan ibarət olan bu dəyirmanlara bəzi bölgələrdə “kirkirə”, cənubda isə talış dilindən tərcümədə “əllə üyüdən” mənasını verən “dasthor” deyilir.
AZƏRTAC xəbər verir ki, əl dəyirmanından istifadə edənlərdən biri 73 yaşlı Lənkəran sakini Minarə Quliyevadır. “Vaxtilə nənələrimiz buğda, arpa, düyü üyütmək üçün əl dəyirmanından geniş istifadə ediblər. Demək olar ki, bütün evlərdə bu dəyirmandan var idi. Gördüyünüz dəyirman qayınanamdan qalıb. Bəlkə də, 200-300 yaşı var. 1971-ci ildə bu evə gəlin gəlmişəm. O vaxt qonşular bayramda qorğa, ehsan verəndə isə hədik aşı üçün buğda çəkirdilər”, - deyə Minarə nənə bildirir.
M.Quliyeva qayınanasından yadigar qalan əl dəyirmanını göz bəbəyi kimi qoruduğunu deyir: “Əl dəyirmanı nə qədər istəsən, qalar. Onu bir küncə atıb istifadə etmədinsə, köhnəlib yararsız hala düşəcək. Ona görə də gərək onu tez-tez işlədəsən ki, təbii və keyfiyyətli qida hazırlaya biləsən”.
Minarə nənə söyləyir ki, əl dəyirmanında, əsasən, düyü üyüdür. Proses zamanı ilk olaraq, yarma alınır. Sonra həmin yarma narın hala salınır. Ən dadlı düyü yarması isə yerli “Haşımi” düyüsündən alınır. “Düyünü təmizləyir, yuyur və quruduram. Sonra əl dəyirmanında çəkirəm. Onu da deyim ki, uşaq doğulanda da gəlib bu dəyirmandan istifadə edənlər olur. İndiki uşaq yeməkləri yeməkdir, bəyəm?! Vaxtilə anamız düyü çəkib, bizə verərdi. Bu dəyirmanda üyüdülən yarmadan bişirilən şirniyyatlar, xüsusilə də talış mətbəxinin təamlarından olan lökü və çanquri çox dadlı olur. Uşaqlar və oruc tutanlar üçün mannı da çox faydalıdır. Qarşıdan Novruz bayramı gəlir. Qorğa edəcəm, sonra da həmin qorğadan qovut hazırlayacam”, - deyə M.Quliyeva vurğulayır.
Əl dəyirmanını əvəzsiz hesab etdiyini deyən Minarə nənə bildirib ki, “Bu dəyirman nəsildən-nəslə keçəcək. O, sınmır, dağılmır. Bəlkə də bundan sonra 300-500 il də qalacaq”.