Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə İstanbulun Bahçeşehir Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda, bu universitetdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan tarı üzrə bölmənin yaradılması, ortaq ədəbiyyatımız, tariximiz, mədəniyyətimizə dair araşdırmaların və təbliğatın aparılması, folklorumuzla bağlı animasiya və sənədli filmlərin hazırlanması kimi bir sıra birgə mədəni layihələr nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Bahçeşehir Universitetində bu ali təhsil müəssisəsinin rektoru və müxtəlif bölmə rəhbərləri ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında görüş keçirilib.
Samir Abbasov Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verib, Türkiyədə ilk dəfə olaraq bir ali təhsil müəssisəsi ilə rəhbərlik etdiyi qurum arasında mədəniyyətin bütün sahələrini əhatə edən layihəyə başlanıldığını qeyd edib.
O, Bahçeşehir Universiteti ilə birgə Türk dünyasının ortaq dəyəri olan “Novruz Bayramı” layihəsini reallaşdıracaqlarını deyərək bu ali təhsil müəssisəsində milli mədəniyyətimizlə bağlı ərsəyə gələcək layihələrdə mərkəzin iştirakının zəruriliyini vurğulayıb.
Bildirilib ki, mərkəz tərəfindən Türkiyənin bir çox qurumları ilə mədəniyyətimizin qardaş ölkədə təbliğinə dair razılıqlar əldə edilib. Buna misal olaraq, bu ilin aprel ayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Ankarada Dövlət Opera və Balet Teatrında Azərbaycan və Türkiyə opera sənətçilərinin iştirakı ilə “Zəfər dastanı: Çanaqqaladan Qarabağa” adlı konsert proqramının təşkili, Türk dövlətləri opera sənətçilərinin iştirakı ilə “Novruz kompozisiyası”nın hazırlanması, eləcə də “Novruz” bayramının qardaş ölkədə geniş şəkildə qeyd edilməsi kimi layihələr nəzərdə tutulur.
Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu ali təhsil müəssisəsində görülən işlər haqqında danışıb. O, hazırda Universitetdə 400-dən çox azərbaycanlı tələbənin təhsilini uğurla davam etdirdiyini qeyd edib.
Görüşdə universitetin konservatoriya bölməsində dahi Üzeyir Hacıbəylinin adına guşə və auditoriyanın yaradılması, dərs proqramlarına Azərbaycan musiqisi və muğamları ilə bağlı mövzuların daxil edilməsi, tariximiz və mədəniyyətimizin təbliği ilə bağlı Türkiyənin “Tarix” televiziyası ilə birgə əməkdaşlıq, eləcə də universitetin süni intelekt, animasiya və sənədli filmlər bölməsinin qabaqcıl təcrübəsinin Azərbaycanla bölüşülməsi kimi məsələlər müzakirə olunub.
Sonda tərəflər universitetin nəzdində Azərbaycan Mədəniyyəti bölməsinin yaradılması, sənədli və animasiya filmlərinin birgə hazırlanması, “Novruz”a dair layihəsinin reallaşdırılması kimi bir sıra mədəni fəaliyyətlər barədə razılığa gəliblər.