"Ələsgər Zirvəsi" kitabının təqdimat və imza günü keçirilib

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan ustad Aşıq Ələsgərin xatirəsinə həsr edilmiş şair-publisist Yusif Nəğməkarın qələmə aldığı "Ələsgər Zirvəsi" poemasının təqdimat və imza günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yusif Nəğməkar bu poemanın yalnız Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş bir əsər deyil, eyni zamanda, Azərbaycan aşıq sənətinin bütövlükdə dəyərini göstərən poetik salnamə olduğunu bildirib.

Söz nümayəndələri kitabın ədəbiyyat tariximizdəki əhəmiyyətindən, Aşıq Ələsgərin söz sənətindəki mövqeyindən və Yusif Nəğməkarın yaratdığı poemanın dəyərindən söhbət açıblar. Qeyd olunub ki, poemada Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun ədəbi irsinin böyüklüyü və müasir dövrdə daşıdığı mənəvi dəyərlər öz əksini tapır.

Tədbir boyu iştirakçılar poemadan parçalar səsləndirib, Dədə Ələsgərə həsr olunmuş şeirlər oxunub və ustadın seçmə əsərlərindən sitatlar gətirilib.

Görüşün sonunda "Ələsgər Zirvəsi" kitabı müəllif tərəfindən imzalanıb.