Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyə Respublikasının Qazaxıstandakı səfirliyində olub, qardaş ölkənin buradakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib.
Görüş zamanı akademiyanın əsas fəaliyyət istiqamətləri, o cümlədən türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi və təbliği təşəbbüsləri, eləcə də Türk dünyasında elmi əməkdaşlığın gücləndirilməsi səyləri müzakirə edilib.
Şahin Mustafayev türkiyəli diplomata akademiyanın türkologiya sahəsində tədqiqatların inkişafına yönəlmiş qabaqcıl layihələri barədə məlumat verib.
Mustafa Kapucu Beynəlxalq Türk Akademiyasının missiyasının əhəmiyyətini vurğulayaraq, Türkiyədəki elm və təhsil müəssisələri ilə Akademiya arasında əməkdaşlığın gücləndirilməsinə dəstəyini ifadə edib.