MDU və Türkiyənin Düzce Universiteti əməkdaşlığı genişləndirir

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsi ilə Düzce Universitetinin (DU) Eğitim fakültəsi arasında onlayn formatda iclas keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin müdiri dosent Asim Məmmədov bu ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsinin hər iki tərəfə fayda gətirəcəyini vurğulayıb.

Təhsil fakültəsinin dekanı dosent Nizami Zeynalov çıxışında MDU və onun Təhsil fakültəsi haqqında geniş məlumat verib. O, konkret proqram əsasında iki fakültə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib. MDU tələbələrinin və akademik heyətinin Düzce Universitetinin Eğitim fakültəsinin imkanlarından istifadə edəcəyini, milli bayramlar və digər əlamətdar günlərdə birgə tədbirlərin, konfransların təşkil ediləcəyini bildirib.

Çıxış edən Düzce Universitetinin Eğitim fakültəsinin dekanı professor Mustafa Koç bu əməkdaşlığın onlar üçün şərəf olduğunu bildirib. O, MDU Təhsil fakültəsinin təqdim etdiyi fəaliyyət planının kifayət qədər əhatəli olduğunu, gələcəkdə daha geniş layihələrin həyata keçiriləcəyini vurğulayıb. Professor yaxın bir həftə ərzində kafedra müdirlərinin iştirakı ilə təklif olunan fəaliyyət planının müzakirə ediləcəyini və mümkün qədər tez real nəticələrin əldə olunmasına çalışacaqlarını bildirib.

Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova çıxışında keçirilən ilkin tanışlıq iclasının əhəmiyyətini qeyd edərək, fakültələr arasında razılaşdırılmış əməkdaşlıq çərçivəsində ustad dərslərin və digər akademik tədbirlərin təşkilinin vacibliyini vurğulayıb.

Sonda N.Zeynalov iki fakültə arasında əməkdaşlıq planının Düzce Universitetinin Eğitim fakültəsi rəhbərliyi ilə müzakirə edildikdən sonra yaxın günlərdə yenidən görüş keçiriləcəyini bildirib. Qərara alınıb ki, ikinci semestr başlayana qədər fəaliyyət planı qəbul edilsin və icrasına başlanılsın.