Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən sədr Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə media sahəsinin inkişafı ilə bağlı görülən işlərdən, jurnalistlərin qarşısında duran mühüm vəzifələrdən, nailiyyətlərdən və problemlərdən danışıb.
O, Özbəkistan-Azərbaycan qardaşlıq münasibətlərindən söhbət açaraq Bakıda nəşr olunan və Azərbaycan ziyalılarının böyük maraqla qarşıladığı “Şavkat Mirziyoyev fenomeni” kitabının Azərbaycanda təqdimatını xatırladıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, iki ölkənin prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi və sıx dostluq münasibətləri sayəsində Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. “Prezidentlərin qarşılıqlı səfərləri iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə təkan verib. Mədəni əlaqələrin güclənməsi ortaq türk irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət kəsb edir”,-deyə o əlavə edib.
Görüşdə milli media məkanının inkişaf tendensiyaları kimi mühüm məsələlər müzakirə olunub, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Jurnalistlər İttifaqı arasında birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.