Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi

Yanvarın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində yerləşən “Gənclər Məkanı”nda uşaqlar üçün rəsm və art-terapiya mövzularında ustad dərsləri keçirilib.

Trend xəbər verir ki, “Nine Senses” İncəsənət Mərkəzinin müəllimləri tərəfindən regionlarda yaşayan uşaqlar üçün ilk dəfə keçirilən ustad dərsləri onların asudə vaxtının səmərəli təşkilinə yönəlmişdir. İnnovativ üsulla rəsm və animasiya vasitəsilə uşaqların yaradıcılıq qabiliyyətinin və potensialının üzə çıxarılması, onların daha faydalı işlə məşğul olmaları, eləcə də gələcək fəaliyyət və peşə istiqamətlərini müəyyən etməyə töhfə verilməsi bu ustad dərslərin əsas məqsədlərindəndir.

 

Ustad dərsləri ərzində uşaqlar müxtəlif alət və ləvazimatlardan istifadə edərək rəsm çəkmək üçün tələb olunan ilkin bilikləri mənimsəmiş, habelə incəsənət vasitəsilə dərs həyəcanının aradan qaldırılması, asudə vaxtın səmərəli planlaşdırılması texnikası ilə tanış olmuşlar. Uşaqlar üçün maraqlı və əyləncəli keçən, ən əsası da faydalı olan ustad dərsləri valideynlərin də rəğbətini qazanmış və dərslərin davamlı olması arzusu bildirilmişdir.

Qeyd edək ki, qazanılmış təcrübə və müsbət fikirlərə əsaslanaraq, bu və digər mövzularda ustad dərslərinin ölkəmizin digər regionlarında da təşkili nəzərdə tutulur.