Yanvarın 14-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə kino tədqiqatçısının həyat və fəaliyyətini özündə əks etdirən fotosərginin açılışı olub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan kino tarixinin araşdırılmasında Aydın Kazımzadənin xidmətlərindən bəhs edib, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb.
Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Aydın Kazımzadənin çoxşaxəli fəaliyyətindən söhbət açaraq, onun Azərbaycan kinosunun təbliğatı ilə bağlı xüsusi xidmətlərini qeyd edib. C.Quliyevin sözlərinə görə, kinoşünas 1990-cı illərin ortalarında milli kino muzeyinin ikinci dəfə formalaşmasında zəhmətini əsirgəməyib.
Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katib, Xalq artisti Şəfiqə Məmmədova, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev, Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalq rəssamı Arif Hüseynov, professor Abbasqulu Nəcəfzadə, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Cahangir Zeynallı, Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy yubilyara təbriklərini çatdırıb, yeni tədqiqat işlərində ona uğur arzulayıblar.