Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Milad bayramı qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar. Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib.
Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Vurğulanıb ki, Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.
Pravoslavlar üçün Milad ən müqəddəs bayramlardandır. Bayramdan əvvəl 40 günlük Milad orucu tutulur. Bu, cismin və ruhun təmizlənməsi məqsədi daşıyır. Milad bayramı yanvarın 6-da ilk ulduzun görünməsi ilə qeyd olunmağa başlayır. Bu, İsa peyğəmbər doğularkən görünən Beytləhm ulduzunu yad etmək üçündür.
“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov bildirib ki, İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı hər il yüksək səviyyədə qeyd olunur.
Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.
Milad bayramı ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilir.