Bakı, Trend
Azərbaycan gəncləri Özbəkistanın Kokand şəhərində keçirilən Türkdilli dövlətlərin gənclərinin birinci Beynəlxalq Yaradıcılıq Festivalında təmsil olunub. Festival Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyi, Fərqanə vilayətinin administrasiyası və Özbəkistanın Gənclərlə İş üzrə Agentliyi tərəfindən TÜRKSOY ilə əməkdaşlıq şəraitində təşkil edilib.
Trend özbək kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan ilə yanaşı, həmçinin Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Türkiyədən olan gənclər iştirak edib.
Festivalın əsas məqsədi gənc nəslin türk xalqlarının tarixi və milli-mədəni irsinə sevgisinin artırılması, Türkdilli Dövlətlər Təşkilatının üzvü olan dövlətlərlə turizm sahəsində əməkdaşlığın təbliğ edilməsi, gənclərin sosial-iqtisadi fəallığının artırılması, gənclərin turizm sahəsinə geniş cəlb edilməsi, turizm sektorunda gənclərin perspektiv ideyalar və layihələrinin reallaşdırılması olub.
Festival çərçivəsində mütaliə günləri, milli və etnoidman növləri üzrə idman yarışları, mədəni-əyləncəli tədbirlər, gənclər üçün biznesin təşkil edilməsi, əl işlərinin istehsalı üzrə dəyirmi masalar, gənclərin məşhur teatr və kino istehsalçıları ilə yaradıcılıq dialoqları keçirilib.
Festivalın fəal iştirakçıları fəxri diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Qeyd edək ki, Türkdilli dövlətlərin gənclərinin Beynəlxalq Yaradıcılıq Festivalının 2023-cü ildən başlayaraq iki ildən bir, iyulda keçirilməsi planlaşdırılır.