Gəncəli rəssam: SSRİ-də ilk dəfə çini üzərində miniatür rəssamlığının əsasını qoymuşam
Görkəmli Azərbaycan şairi, mütəfəkkir filosof Nizami Gəncəvi Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirərək, ədəbiyyatı zirvələrə yüksəldib. Dahi Nizaminin “Xəmsə”si insanlığın mənəvi-əxlaqi kamilləşməsinə bu gün də misilsiz xidmət göstərir. Gəncəli rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rasim Hüseynov da 50 ilə yaxındır ki, müxtəlif rəngli çini qablar və keramika üzərində miniatür rəssamlığın incə nümunələrini yaradarkən məhz Nizami yaradıcılığından bəhrələnir.
AZƏRTAC-ın bölgə müxbirinə sənəti barədə söz açan 76 yaşlı sənətkar deyir ki, Nizami Gəncəvinin bədii yaradıcılığına yüzlərlə əsər həsr edib. "Xəmsə"dən motivlər, Nizami dövrünə aid Şərq mühitinin, qədim musiqi alətlərinin təsvirləri, bir sözlə, miniatür rəssamlığın nümunələri dekorativ vazalar, nimçələr, güldanlar, kuzələr, piyalələr, fincanlar üzərinə səbrlə, ustalıqla, nəfis naxışlarla, al-əlvan rənglərlə işlənir. “SSRİ-də ilk dəfə çini üzərində miniatür rəssamlığının əsasını qoymuşam. 1971-ci ildə Gəncə Çini Qablar Zavodunda naxışçı-rəssam kimi fəaliyyətə başladım. 1975-ci ildə işlərim kütləvi istehsala buraxıldı. 1993-cü ildə müəssisə fəaliyyətini dayandırdıqdan bu günə kimi sənətimi evimdəki kişik emalatxanada davam etdirirəm. Əsasən Nizami Gəncəvi yaradıcılığından, milli dəyərlərimizdən ilhamlanıram”, - deyən Rasim Hüseynov əl işlərində vətənpərvərlik mövzüsünu, təbiət təsvirlərini işlədiyini də bildirir.
Naxışçı rəssamın əsərləri 60-dan çox ölkədə məşhur muzeyləri, şəxsi kolleksiyaları bəzəyir. “İlk əl işim 1992-ci ildə Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi üçün alınıb. Daha sonra isə ölkəmizlə yanaşı, ABŞ, Yaponiya kimi neçə-neçə ölkələrdən, dövlət rəsmiləri, təşkilatlar, şəxsi kolleksiyalar üçün sifarişlər almışam. Əvvəlcə kompozisiya üzərində düşünürəm, o, hazır olduqda bir əl işi üçün 1 aydan 4 ayadək işləyirəm. Böyük emalatxanam olsa, tələbə də hazırlaya bilərəm”, - deyə Rasim Hüseynov qeyd edir.
Onun "Muğam kompozisiyası" 1987-ci ildə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medalla mükafatlandırılıb. Ailə Biznesinə Asan Dəstək (ABAD) qurumunun üzvü olan rəssam 2012-ci ildə “Prezident mükafatı”na layiq görülməsini onun sənətinə göstərilən ən böyük diqqət olaraq qiymətləndirir.
Kobalt məmulatlar üzərində səthi qızılla işlənmiş relyefli işləmələr də edən Rasim Hüseynov qədim zamanlarda ölkəmizdə geniş vüsət almış, XVIII əsrdə isə tamamilə unudulmuş boz gilin hazırlanma texnologiyasını da işləyərək əldə edib. “Boz gillə yanaşı, gələcəkdə qara rəngli gildən qabların hazırlanmasını da hədəfləyirəm. Dünyanın müxtəlif ölkələrində, eləcə də yerli tədbir və sərgilərdə iştirak etmişəm. Gəncə və azad edilmiş ərazilərimizdə şəxsi sərgimin keçirilməsini istərdim. Onu da deyim ki, mənim üçün ən vacibi Nizami yaradıcılığını, milliyimizi, sənətimi lazımınca təbliğ edə bilməkdir”, - deyə sənətkar bildirib.