İtaliyanın Diplomatiya Festivalının iştirakçıları Azərbaycanın xarici siyasət prioritetləri barədə məlumatlandırılıb

Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində Romadakı müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi XV Diplomatiya Festivalının iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov tələbələrə ölkəmizin zəngin tarixi, coğrafi və geosiyasi mövqeyi, postmünaqişə dövründə regionda yaratdığı yeni reallıqlar, xarici siyasətinin prioritetləri, eləcə də həyata keçirdiyi mühüm enerji layihələri barədə təqdimatla çıxış edib.

Səfir ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu, ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, həmin vaxtlarda hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin çətin dövrdə inkişafa qədəm qoyduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad edib və 30 illik işğala son qoyub. Beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Diplomat ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən və idman yarışlarından da söz açıb. Eyni zamanda, Azərbaycan təbii qazını Avropaya çatdıran TAP boru kəmərinin əhəmiyyətindən danışıb, İtaliya-Azərbaycan Universiteti, Bakının gələn ay ev sahibliyi edəcəyi COP29-un əhəmiyyəti və konfransa hazırlıq prosesi barədə məlumat verib.

Daha sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb. Tələbələrə səfirlik tərəfindən Azərbaycan haqqında italyan dilində nəşr olunmuş müxtəlif kitablar təqdim edilib.

Qeyd edək ki, Diplomatiya Festivalı Avropa Komissiyasının İtaliyadakı nümayəndəliyi, Avropa Parlamenti, İtaliya Senatı, Deputatlar Palatası, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin təşəbbüsü ilə oktyabrın 16-dan başlanıb və 25-dək davam edəcək.